Cİ-nin yay tətilindən sonra ilk elmi iclası keçirildi 2018-09-27 14:00:00 / ELMİ İCLASLAR

AMEA ak. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu Elmi şurası ilə Elmi seminarının yay tətilindən sonra ilk iclası işinə başladı.

Direktor, akademik Ramiz Məmmədov İnstitut kollektivinə gələcək fəaliyyətində uğurlar arzuladı, gündəlikdə duran məsələlər haqqında məlumat verdikdən sonra ölkəmizə ezam olunan Bolqarıstan Elmlər Akademiyası Geofizika, Geodeziya və Coğrafiya Milli İnstitutunun (GGCMİ) dosenti, coğrafiya elmləri namizədi Marian Vırbanovu  iclas iştirakçılarına təqdim etdi. Bildirildi ki, Azərbaycan Milli Elmlər Akademiyası müxtəlif ölkələrin beynəlxalq təşkilatları və akademik qurumları ilə əməkdaşlığı inkişaf etdirir. Müştərək Proqramlar üzrə 2018-2020-ci illər üçün elan edilmiş layihə müsabiqəsi çərçivəsində Bolqarıstan Elmlər Akademiyası  ilə AMEA Coğrafiya İnstitutunun “Böyük Qafqaz (Azərbaycan) və Pirin (Bolqarıstan) dağlıq ərazilərinin müasir vəziyyəti və ətraf mühitinin transformasiyası” birgə layihəsi qalib gəlmişdir.

Sonra bu münasibətlə ölkəmizə səfər etmiş bolqar alimi Azərbaycana gəlişindən məmnunluğunu bildirdi və konfrans materiallarından ibarət “Dağlıq ərazilərin davamlı inkişafı” toplusunu İnstituta hədiyyə etdi. “Bolqarıstanın Pirin dağının vəziyyəti və ətraf mühit problemləri” mövzusunda geniş məruzə ilə çıxış edən qonaq GGCMİ və onun coğrafiya departamenti, layihədə iştirak edən əməkdaşlar, Pirin dağının  fiziki-coğrafi xarakteristikası, mühafizə olunan təbiət əraziləri, ətraf mühitə antropogen təsirlər haqqında qənaətbəxş məlumat verdi, iştirakçıların suallarını cavablandırdı.

Sonda Akademik Ramiz Məmmədovun Elm festivalının sərgisi üçün hazırladığı “Xəzər dənizinin aerokosmik monitorinqi” və “Azərbaycan Respublikası ərazisində səhralaşma prosesinin dinamikası” video çarxları nümayiş etdirildi.

Copyright © AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2018