İndiki Ermənistan ərazisində XX əsrin birinci yarısına qədər mövcud olmuş və toponomik genosidə məruz qalmış 5000-dən artıq coğrafi adın izahlı tədqiqi əsasında həmin ərazinin tarixən Azərbaycan xalqına məxsus olması elmi-hüquqi əsaslarla sübut edilmişdir.
Azərbaycan ərazisində Abşeron, Türkan və Bakı əsrlərində mövcud olmuş iqlimin kəmiyyət ölçüləri bərpa edilmiş və göstərilən vaxt ərzində iqlimdə soyuqlaşma və quraqlaşma meylinin artması müəyyən edilmişdir.
İqlimin çoxillik dəyişmələrinin tədqiqi nəticəsində müəyyən edilmişdir ki, son yüz ildə Azərbaycanda havanın temperaturu təxminən 1,0C artmış, iri şəhərlər istisna olmaqla, atmosfer yağıntıları 7-8% azalmışdır.
Azərbaycanda sel fəlakətinin güclənməsi müəyyən edilmiş, sellərin bal sistemi ilə qiymətləndirilməsinin yeni şkalası tərtib edilmiş, fəlakətli sellərin nəticələrinə qarşı mübarizə tədbirləri irəli sürülmüşdür.
Aerokosmik şəkillərin deşifrlənməsi əsasında Azərbaycanın Xəzərətrafı regionunun səhralaşmasının səbəbləri və müasir vəziyyəti müəyyənləşdirilmiş, onun proqnozu verilmiş və səhralaşmaya qarşı mübarizə tədbirləri hazırlanmışdır.
Azərbaycanın su anbarlarının lillənməsi və sahillərin dinamikasının intensivliyi və proqnozu verilmiş, Mingəçevir su anbarının istismar müddəti ilə sahillərin dinamikası arasında korrelyasiya əlaqəsi olduğu aşkar edilmişdir.
Azərbaycanın Konstruktiv Coğrafiyası monoqrafik əsəri yazılmış və 3 cilddə nəşr olunmuşdur.
Torpaq islahatı ilə əlaqədar olaraq Azərbaycanın təbii kənd təsərrüfatı rayonlaşdırılmasının yeni metodikası və sistemi işlənib hazırlanmış, 1:50000 miqyasında iki yeni rayonlaşdırılma xəritələri tərtib edilmişdir.
Dəniz atmosfer sistemi arasındakı qarşılıqlı mübadilənin parametrləşdirilməsi üçün atmosferin dənizə yaxın qatının qeyri-stasionar modeli yaradılmışdır.
Xəzər dənizi səviyyəsinin tərəddüdü ilə günəş aktivliyi arasındakı əlaqə müəyyənləşdirilmiş, səviyyənin gələcək dəyişməsi üçün yarımempirik düstur alınmış və onun birinci yaxınlaşmada proqnozu verilmişdir.
Xəzər dənizində çirkləndiricilərin yayılmasının komleks fiziki-coğrafi modeli yaradılmışdır.
Bu müddətdə Coğrafiya İnstitutunda aşağıdakı atlas və xəritələr hazırlanmışdır:
Azərbaycan Respublikasının Aqroiqlim Atlası-124 xəritə
Azərbaycan Respublikasının təbii şəraiti və ehtiyatları Atlası-300 xəritə
Xəzər dənizinin kompleks hidrometeoroloji atlası-274 xəritə
Avroasiya şelflərinin Mezozoy və Kaynozoyda paleocoğrafi xəritələr Atlası-129
Azərbaycan Respublikasının landşaft-geokimyəvi xəritəsi (miqyas 1:500 000).
Azərbaycan ərazisi üçün Pleystosen xəritələri (miqyas 1: 50 000)
Ermənistan Respublikası ərazisində mövcud olmuş Azərbaycan mənşəli adların tarixi-coğrafi xəritəsi (1 : 250 000)
Naxçıvan MR-da inkişaf etmiş morfostruktur və morfoskulpturların morfoloji və morfometrik xüsusiyyətləri nəzərə alınmaqla ərazi ekogeomorfoloji gərginlik dərəcəsinə görə qiymətləndirilmiş, onun əsasında ekogeomorfoloji rayonlaşdırma aparılmış və iri miqyaslı müvafiq xəritələr tərtib edilmişdir.
Azərbaycan ərazisi daxilində müasir landşaft komplekslərinin inkişafı və transformasiyası meylləri ekodiaqnostik prinsiplər əsasında aşkarlanaraq, onların deqradasiya dərəcələri müəyyənləşdirilmiş, təbii resurs potensialları qiymətləndirilmiş və nəticədə tamami ilə yeni elmi - nəzəri və metodiki əsasında, iri miqyaslı (M 1:250000), rəqamsal “Azərbaycanın landşaft xəritəsi” tərtib olunmuşdur.
Böyük Qafqazın Azərbaycan hissəsi daxilində ekogeomorfoloji gərginliyə təsir edən hər bir təbii-dağıdıcı proseslər təhlükəlilik dərəcələrinə görə təsnif edilərək qruplaşdırılmış, onların sinergetik təsir potensialları qiymətləndirilməklə ilk dəfə olaraq aparıcı amilə görə ərazinin ekogeomorfoloji rayonlaşdırılması aparılmış, hər bir ekogeomorfoloji vahidlə hakim landşaft kompleksləri arasında daxili differensiasiya əlaqələri müəyyən edilmişdir.
Azərbaycanın 30-dan artıq meteoroloji stansiyasının məlumatları təhlil edilməsi nəticəsində respublika ərazisində havanın temperaturunun 0,2-0,9o arasında artması, atmosfer yağıntılarının isə 15-84 mm azalması müəyyən edilmişdir. Bu isə vegetasiya dövrünün təqribən 12 gün artmasına səbəb olmuşdur.
Xəzər dənizinin 1:750 000 miqyaslı batometrik xəritəsi ArcGIS mühitində rəqəmsal xəritəyə çevrilərək və dərinlik paylanması verilənləri işlənərək Xəzər dənizinin dibinin 3D relyef modeli hazırlanmışdır. Bu model daha kiçik miqyaslı xəritələr rəqəmsallaşdırılaraq həssaslığın daha da artırıla biləcəyi şəkildə qurulmuşdur.
Abşeron yarımadası geokomplekslərində Na, Ca, S, Cl, Sn, B, Mo, Pb, Tb, Pd kimi elementlərin daha səciyyəvi olduğu müəyyən edilmişdir. Na, Ca, S, Cl ərazi üçün tipomorf olub, landşaftda geokimyəvi cəhətdən daha mütəhərrikdirlər. Neftlə çirklənmiş landşaftlarda S, Cl, Ag, İn, Pl, Mo, Sn və s. mikroelementlərin izafi və Cr, Ba, Ti, Mn-ın isə mənfi anomaliyaları aşkar edilmişdir. Bu tədqiqatlar nəticəsində diaqnostik yükdaşıyan iri miqyaslı rəqəmsal Abşeron yarımadasının landşaft və landşaft-geokimyəvi xəritələri tərtib olunmuşdur.
CİS mühitində kompleks yanaşma metodu ilə geosistemlərin struktur genetik komponentləri tədqiq olunmuş, landşaftların təbii resurs potensialı müəyyən edilmiş, landşaft-ekoloji karkas və müvafiq iri miqyaslı xəritə tərtib edilmişdir.
İnsanların malyariya xəstəliyinə yoluxma riskini qiymətləndirmək üçün tərtib olunmuş şkala əsasında ölkə ərazisinin iqlim - malyarioloji rayonlaşdırılması aparılmış və nəticədə 5 vilayət, 6 yarımvilayət və 39 rayon ayrılmışdır.
Böyük Qafqazın şimal-şərq yamacının dağ-meşə və dağ-çəmən geosistemlərində fitokütlə ehtiyatının yerüstü hissəsi, onun bioloji dövrana qoşulma şəraiti, həcm və kütlə ölçüləri hesablanmış, sürüşmələrin xüsusi ilə də çox böyük Urva sürüşməsinin əmələgəlməsində antropogen təsirlərin rolu öyrənilmiş, təbii-coğrafi mühit elementlərinin ekoloji gərginliyə məruz qalma dərəcəsi müəyyənləşdirilərək onların optimallaşdırılma yolları göstərilmişdir. Ərazinin 3D formatda iri miqyaslı (1: 200 000) mənimsənilmə (ekoloji gərginlik) və yamacların meyillik xəritələri tərtib edilmişdir.
Dəniz dalğalarının spektral-energetik xarakteristikalarını parıltıların ölçülərinin paylanma qanununa görə təyin etməyə imkan verən əlaqə tapılmışdır. Bu əlaqənin mikrodalğa diapazonunda tətbiqi iri və az meylli təhlükəli okean dalğalarını kosmik metodlarla aşkar etməyə imkan verir.
Böyük Baki ərazisi relyefinin ArcGİS proqram paketinin alətləri (Hydrology, Statial, Analyst, 3D Analyst və s) vasitəsi ilə irimiqyaslı rəqəmsal morfometrik xəritələri tərtib edilmişdir (meyl bucaqları, yamacların baxarlığı, üfüqi və şaquli parçalanma və s.). Onların təhlili nəticəsində potensial geomorfoloji təhlükəli ərazilər müəyyən edilmişdir.
Mövcud sürüşmə sahələrinin potensial təhlükəli ocaqlarla müqayisəli təhlili nəticəsində proqnostik əhəmiyyətli nəticələr əldə edilmişdir. Müəyyən edilmişdir ki, son 20-25 il ərzində əsasən antropogen pressinq nəticəsində sürüşmə sahələri 12-13%, sürüşmə materiallarının həcmi isə 15-20% artmışdır. “Bakı amfiteatrında” sürüşmə prosesinin zaman və məkan dinamikasını əks etdirən blok-diaqram tərtib edilmişdir.
Geostasionar peyklərdən əldə edilən təsvirlərdə günəş parıltılarının parlaqlığının paylanmasından dəniz (okean) üzərində külək sürətinin paylanmasını tapmağa imkan verən metod işlənmiş və bu metod Meteosat 9 peyk təsvirinə tətbiq edilərək adekvatlığı test edilmişdir.
Binəqədi yatağı quyularının neft, lay suları və kern materialları palinoloji analiz edilmiş və neftdə aşkar edilmiş bitki tozcuq və sporların, təsnifatı məlum olmayan mikrofossillərin Erkən Pliosen yaşlı süxurlara uyğunluğu müəyyən olunmuş və eyni zamanda, lay sularında və kern materiallarında qədim-Oliqosen yaşlı dinosistlər aşkar edilmişdir.
“Rasional metod” və GİS texnologiyaları əsasında su balansında və çayların qidalanmasında iştirak edən yeraltı suların axım kəmiyyəti göstəricilərini sadə və operativ hesablamaq üçün düsturu təklif olunmuşdur.
Ölkə daxilindəki geosistemlərdə ekogeokimyəvi şəraitin diaqnostik-funksional xüsusiyyətləri müəyyən edilmiş, insan sağlamlığına təsir göstərə bilən tipomorf makro- və mikroelementlərin, toksik duzların, kanserogen kimyəvi maddə və birləşmələrin konsentrasiya qanunauyğunluqları tədqiq edilmiş və bir-birini tamamlayan proqnostik yükdaşıyan üçlaylı, rəqəmsal "Azərbaycan Respublikasının landşaftı", "Ekogeokimyəvi landşaft" və "Tibbi-ekogeokimyəvi landşaft" xəritələri tərtib edilmişdir.
Hərəkətin diferensial tənliklərinin həll edilməsinə əsaslanan, yol boyunca avtomobilin hərəkətinin simulyasiyası və vizuallaşdırılması metodu işlənmişdir.
Azərbaycan Respublikasının relyefi, geoloji quruluşu, iqlimi, su ehtiyyatları, bitki-torpaq örtüyü, landşaftları və fiziki-coğrafi rayonlaşması bütün ölkə ərazisi üçün yeni faktiki materiallar əsasında təhlil edilmiş, müstəqillik illərində ölkəmizin və onun regionlarının iqtisadi-sosial inkişafında baş vermiş dəyişikliklər müəyyənləşdirilmişdir. Tədqiqatların nəticələri Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq görülmüşdür.
Abşeron yarımadasında soyuq hava dalğalarını səciyyələndirmək üçün meyarlar işlənilmiş, sərhəd göstəricilər müəyyən edilmiş, bu dalğaları şərtləndirən sinoptik proseslər, eyni zamanda onların təkrarlanması və davamiyyəti araşdırılmışdır.
Azərbaycan Respublikası ərazisində təbii rütubətlənmə və mövcud şəraitdə əmələ gəlmiş landşaftların orta miqyaslı rəqəmsal xəritələrinin təhlilindən landşaftların antropogen transformasiya indeksləri hesablanmışdır.
Arid və semiarid geosistemlərin iri miqyaslı (1:100 000) transformasiya və tibbi-ekogeokimyəvi xəritələri tərtib olunmuşdur.
Təklif olunan yeni Sintez Su Balansı metoduna innovativ dəyişikliklərin daxil edilməsi və çay sularının hazırki vəziyyətinin analizi əsasında Lənkəran təbii vilayətinin su ehtiyatları 1.43 km3 həcmində hesablanmışdır.
Dalğalı dəniz səthində Günəş (və ya lazer) parıltılarının ani təsvirindən səthin ani relyefini təyin etməyə imkan verən riyazi metod işlənmiş, simulyasiya və eksperimentlə metodun korrektliyi isbatlanmışdır.
NOAA-nın “Böyük Məlumatlarının Kompleks İdarəetmə Sistemindən” (CLASS) Xəzər dənizi səthinin temperaturuna aid alınmış məlumatların statistik orta səth temperaturunun analizi dənizin ümumi səthində və Simali, Orta, Cənubi hissələrində 2001-2015-ci illərdə uyğun olaraq 0.34oC, 0.24oC, 0.29oC və 0.50oC artdığını göstərmişdir.
Müasir prinsip və metodlarla əldə edilmiş materialların, faktiki çöl ekspedisiyalarının məlumatları ilə müqayisəsi əsasında Samur-Abşeronarası Xəzərsahili düzənlikləri torpaqlarında deqradasiya amilləri nəzərə alınmaqla iri miqyaslı (1:100 000) rəqəmsal “Torpaq-deqradasiya” xəritəsi tərtib edilmişdir.
Təbii-texnogen təhlükələr ArcGis texnologiyaları əsasında kompleks şəkildə qiymətləndirilmiş və “Azərbaycanın ekoloji risk” rəqəmsal xəritəsi tərtib edilmişdir.