AR ETN Coğrafiya İnstitutunun “Geomorfologiya və paleocoğrafiya” laboratoriyası

Laboratoriyanın müdiri – c.e.d, dosent Stara Əbülfəz qızı Tarixazər

Şöbənin əməkdaşlarının sayı: 12 nəfər

Əlaqə məlumatları:
Tel.: 050 386 86 68
E-mail: [email protected]

Elmi istiqamət:

“Geomorfologiya və paleocoğrafiya” laboratoriyasında əsas elmi tədqiqatlar antropogen relyef transformasiyası ilə səciyyələnən Kiçik Qafqaz ərazisində geomorfoloji təhlükələrin qiymətləndirilməsinə həsr olunur. Bu yanaşma regionun unikal təbii ekosistemlərinin qorunması və onların dayanıqlı inkişafının təmin edilməsi baxımından mühüm elmi-praktik əhəmiyyət daşıyır.

Aparılan kompleks qiymətləndirmə çərçivəsində Kiçik Qafqazın şimal-şərq yamacında ekoloji vəziyyətin və ekoloji situasiyanın təhlili, ekoloji gərginlik səviyyəsinin, həmçinin geomorfoloji sistemin gərginliyi və mövcud şəraitinin qiymətləndirilməsi həyata keçirilir.

Region daxilində və ona bitişik ərazilərdə relyeflə təsərrüfat fəaliyyətinin qarşılıqlı təsiri aşağıdakı iki əsas istiqamət üzrə öyrənilir:

  1. Ərazinin dağ-mədən mənimsənilməsi ilə bağlı ekoloji-geomorfoloji təhlükələrin və onlarla əlaqəli risklərin təhlili;
  2. Dağ-mədən fəaliyyətinin təbii relyefə təsirinin qiymətləndirilməsi.

Tədqiqatlar zamanı təbii relyef və müasir geomorfoloji proseslər dağ-mədən istehsalı və əhali üçün potensial təhlükə mənbələri kimi nəzərdən keçirilir. Faydalı qazıntıların hasil edildiyi sahələrdə əsas risklər və təhlükəli proseslər aşağıdakılardır:

  • Sürüşmələr və uçqunlar – torpaq örtüyünün dayanıqlığının itirilməsi, həddindən artıq nəmlənmə və ya seysmik təsirlər nəticəsində tullantı yığınlarının yamaclarında formalaşır;
  • Sel axınları və yarğan eroziyası – intensiv yağıntılar zamanı tullantı yığınlarının eroziya baxımından təhlükəli sahələrində yaranaraq çirklənmiş süxurların daşınmasına səbəb olur.