1991-ci ildə Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirən Z.Eminov AMEA Coğrafiya İnstitutuna göndərilib. Burada baş laborant kimi işə başlayan məzun baş direktor vəzifəsinədək yüksəlib.
Demoqrafiya sahəsində tanınmış alim Azərbaycan Respublikasında və keçid dövründə olan digər ölkələrdə əhalinin sosial-demoqrafik vəziyyəti, əmək ehtiyatlarından istifadə edilməsi, yaşayış məntəqələrinin inkişafı, aparılan iqtisadi islahatlar, onların bu proseslərə təsiri məsələlərini tədqiqi ilə məşğuldur. Azərbaycanda əhalinin məskunlaşmasının iqtisadi və sosial-demoqrafik problemlərinə dair 100-dən yuxarı elmi məqalə və tezisin müəllifidir. Elmi əsərləri ABŞ, Böyük Britaniya, Rusiya Federasiyası, Ukrayna, Özbəkistan, Qazaxıstan. Bolqarıstan, Rumıniya və s. ölkələrdə çap edilib. Alim 2012-ci ildə “Azərbaycanda əmək ehtiyatlarının formalaşmasının demoqrafik problemləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
Z.N.Eminov 100-dən artıq elmi məqalənin, 15 kitabın müəllifidir. “Azərbaycan Respublikası Milli Atlasının” hazırlanmasında yaxından iştirak edən Z.N.Eminov 17-dək xəritənin müəllifi, respublikada iqtisadi, sosial və demoqrafik məzmunlu xəritələrin tərtibçilərindən biridir. Coğrafiyanın tədrisi və geniş oxucu kütləsi arasında təbliği üçün xeyli işlər görüb, böyük həcmli kitablar və dərs vəsaitləri hazırlayıb. O həmçinin ikicildlik “Coğrasfiya ensiklopediyası”nın həmmüəllifidir.
Z.Eminov 2015-ci ildə “Azərbaycan Respublikasının coğrafiyası” üçcildliyinə görə Dövlət Mükafatına layiq görülən alimlərdən biridir. 5 fəlsəfə doktoru üzrə dissertantın, 5 doktorantın elmi rəhbəridir. İndiyədək onun rəhbərliyi ilə 6 nəfər coğrafiya üzrə fəlsəfə doktoru dissertasiyasını müdafiə edib.
Coğrafiya elmləri doktoru Zakir Eminova Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 14.09.2023-cü il tarixli qərarı ilə Coğrafiya elm sahəsinin 5401.01-"İqtisadi coğrafiya" ixtisası üzrə professor elmi adı verilmişdir.