20 Yanvar hadisələrinin 29-cu ildönümü qeyd edilib 2019-01-18 18:38:00 / TƏDBİRLƏR

H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda 20 Yanvar hadisələrinin 29-cu  ildönümü qeyd edilib.

İlk öncə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatını qurban vermiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra elmi işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənov “Tarixin qanlı və şanlı səhifəsi” adlı məruzə ilə çıxış edib. Hadisələrin xronoloji şəkildə yada salan direktor müavini Bakıda törədilən faciənin rus imperiyası tərəfindən düşünülərək, əvvəlcədən hazırlanmış plan əsasında, xüsusi amansızlıqla  həyata keçirildiyini diqqətə çatdırıb. Bildirilib ki, xalqın azadlığını əlindən almağa,  iradəsini qırmağa yönəlmiş qanlı hadisələr əksinə olaraq, Azərbaycan xalqının milli hisslərini   oyatdı, onu birliyə, bir amal uğrunda yekdil olmağa, düşmənə qarşı barışmaz mövqe tutmağa yönəltdi.

“Canlarından keçmiş qəhrəman oğul və qızlarının uyuduğu Şəhidlər Xiyabanı xalqın qəlbində zaman keçdikcə daha vüqarlı, daha əzəmətli görünəcək, indiki kimi,  müqəddəs ziyarətgah olaraq qalacaqdır”, – deyən M.Həsənov nitqinin sonunda şəhidlərə rəhmət diləyib.

İnstitut Həmkarlar təşkilatının sədri, c.ü.f.d. Habil Haqverdiyev çıxışında 20 Yanvar hadisələrinin öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu, azadlıq üçün ölümündən qorxmadığını nümayiş etdirdiyini, milli azadlıq hərəkatının başlanğıcı, müstəqilliyə doğru irəliləyişimizin əsası olduğunu diqqətə çatdırıb. 

20 Yanvar hadisələri ilə bağlı çıxış edən İnstitut əməkdaşları  Vətənimizə qarşı törədilən bu cinayətin heç zaman unudulmayacağını və  xalqımızın şəhid olan mərd oğulları ilə fəxr etdiklərini vurğuladılar.

Copyright © AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2019