AMEA H.Əliyev adına Coğrafiya İnstitutunda “Coğrafiya elminin Vikipediyada yeri” adlı görüş keçirilib 2017-09-27 04:12:00 / TƏDBİRLƏR

Sentyabrın 26-da  AMEA akad. Həsən Əliyev adına Coğrafiya İnstitutunda "Azərbaycan Vikimediya könüllüləri" İctimai Birliyi ilə birlikdə Azərbaycan Vikipediyasının “Mövzulu ay” layihəsi üzrə “Coğrafiya ayının” keçirilməsi ilə əlaqədar “Coğrafiya elminin Vikipediyada yeri” adlı görüş keçirilib.

Əvvəlcə iştirakçılar akademiya elmi tədqiqat müəssisələrinin elmi nailiyyətlərini əks etdirən sərgi ilə tanış olublar. İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri c.ü.f.d. Samirə Ələkbərova onlara Coğrafiya İnstitutunun fəaliyyəti barədə məlumat verib.

Sonra tədbir Cİ-nin konfrans zalında davam edib. İnstitutun direktoru, akademik Ramiz Məmmədov tədbiri giriş sözü ilə açaraq iştirakçıları gündəlikdə duran  məsələlərlə tanış edib.

"Azərbaycan Vikimediya könüllüləri" İctimai Birliyinin sədri Elgün Atalıyev vikipediya haqqında təqdimatla çıxış edərək vikipediyanın əhəmiyyəti, tarixi, cəmiyyətdə rolu, vikicəmiyyət və s. haqqında geniş məlumat verib. Çıxışının sonunda birlik sədri ilk dəfə olaraq AMEA-da belə bir tədbirin keçirildiyini diqqətə çatdırıb və onun məhz Coğrafiya İnstitutunda təşkil olunmasına görə rəhbərliyə təşəkkürünü bildirib.

Azərbaycan Vikipediyasının  idarəçisi Tərxan Paşazadə  “Vikipediyanın coğrafiyası” mövzusundakı məruzəsində Vikipediyanın geniş vüsət aldığı ölkələrdə bu sahədə görülən işlər barədə ətraflı danışıb.

Wikimediyanın 3 layihəsi olan Vikimənbənin, Vikikitabın, Vikipediyanın idarəçisi Araz Yaquboğlu çıxışının əvvəlində Coğrafiya İnstitutu vikipediyaçılarının fəaliyyətini yüksək dəyərləndirib, onların digər müəssisələr üçün nümunə ola biləcəklərini vurğulayıb. O, məruzəsində vikipediyanın qanunları və bəzi problemlərindən  danışıb. Vikipediya istifadəçilərinin məqalə qoyarkən yol verdikləri bəzi səhvləri diqqətə çatdırıb, yazılan məqalələrin  daha çox keyfiyyətinə fikir verilməsini tövsiyə edib.

Mərkəzi Elmi Kitabxanının təlimlər üzrə bölmə rəhbəri Günay Məmmədova  Vikitəlimlər haqqında təqdimatla çıxış edib, AMEA Mərkəzi Elmi Kitabxanasının “Vikipediyada məqalələrin yerləşdirilməsi” mövzusunda təşkil etdiyi təlimlərin məqsədlərini açıqlayıb.

Sonra Azərbaycan Vikipediyasının idarəçisi Nihat Vəlizadə “Vikimaniya nədir. Vikimaniya - 2017/Montreal – Canada” mövzusu ilə  məruzə edib. Vikimedia Fondunun hər il təşkil etdiyi beynəlxalq konfranslardan, onların məqsəd və nəticələrindən söhbət açıb. Məruzəçi elm sahəsində fəaliyyət göstərən qurumların Azərbaycan vikipediyasının inkişafında daha maraqlı olmalarını və dəstək göstərmələrini arzu edib.

 Coğrafiya İnstitutunun əməkdaşı, Vikipediya qrupunun rəhbəri Aida Aslanova İnstitut vikiqrupunun uğurları haqqındakı məruzəsində vikimediyanın layihələri, prinsipləri, istifadəçiləri, məqalələrin vikiləşməsi prinsipləri, İnstitut əməkdaşlarının gördükləri işlər və s. haqqında məlumat verib. Qrup rəhbəri  hesabatında Cİ Vikiqrupu tərəfindən may ayında 505 məqalə, iyunda 1576, iyul-avqust aylarında isə 2051 məqalə yükləndiyini və bunun nəticəsində reytinq cədvəlində Az.vikinin 2 pillə qalxmasına səbəb olduğunu xüsusi qeyd edib.

Coğrafiya İnstitutunun təşəbbüsü ilə 2017-ci il oktyabrın 1-dən 31-dək Vikipediyanın “Mövzulu ay” layihəsi üzrə “Coğrafiya ayı”nda  iştirak edəcək istifadəçılər üçün tələbləri diqqətə çatdırıb.

Tədbirdə çıxış edən məruzəçilər iştirakçıları maraqlandıran sualları cavablandırıblar.

Copyright © AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2017