Günəş avtomobillərinin hərəkəti haqqında məruzə dinlənilib 2018-03-14 15:24:00 / ELMİ İCLASLAR

AMEA ak. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutunun akademik Ramiz Məmmədovun sədrliyi ilə keçən növbəti elmi seminarında Xəzər dənizinin monitorinqi şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, f.-r.ü.e.d. Rauf Qardaşov “Günəş avtomobillərinin yol boyunca hərəkətinin simulyasiyası və vizuallaşdırılması” mövzusunda məruzə edib.

Günəş enerjisi ilə işləyən avtomobillərin yol boyunca hərəkətinin simulyasiyası və vizuallaşdırılması üçün riyazi model işləmiş alim onun iki modelin birləşməsindən ibarət olduğunu qeyd edib. O bildirib ki, birincisi, yolun ixtiyari nöqtəsində və zamanın istənilən anında avtomobilin panelinə düşən günəş enerjisini hesablama modeli, ikincisi isə günəş avtomobilləri hərəkətinin riyazi modelidir. Avtomobilin hərəkəti ona təsir edən bütün əsas qüvvələr (dartı, ağırliq, reaksiya və müqavimət), yolun əyrixətli trayektoriyası və relyefin panelə düşən günəş enerjisinə təsiri nəzərə alınaraq modelləşdirilmişdir. Seçilmiş yollar (Bakı-Şamaxı, Zaqatala-Tbilisi və Hamburq-Berlin) boyunca “SunRiser” günəş avtomobilinin hərəkəti simulyasiya edilmiş və monitorda vizuallaşdırılmışdır.

R.Qardaşov bu modelin gələcəkdə yaradılacaq günəş avtomobillərinin naviqasiya sisteminın əsasını təşkil edə biləcəyini diqqətə çatdırıb. Onun fikrincə, bu model enerjidən optimal istifadə etməklə onların hərəkətinin idarə edilməsi: 1) hərəkətin başlanğıc vaxtının seçimi,  2) yol boyunca saxlanılması lazım olan optimal sürət, 3) dağ keçidlərinə çatma vaxtı (böyük miqdarda günəş enerjisi və ya tam doldurulmuş akkumulyatorlar), 4) akkumulyatordan istifadə və onun doldurulma vaxtlarının seçimi) və s. bu kimi problemlərin  həllində tətbiq edilə bilər.