Gündəmdən düşməyən Xəzər dənizinin suyunun azalmasi alimlər tərəfindən ən çox müzakirə edilən məsələlərdəndir. Problemi araşdıran “Azərbaycan” qəzeti məsələyə aydınlıq gətirmək üçün AMEA H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Xəzərin hidrometeorologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərovdan müsahibə götürüb.
Alim qeyd edib ki, Xəzərin səviyyəsi özünəməxsus uzunmüddətli dəyişmə perioduna malik olduğundan bütün əsrlərdə onun enmə və qalxma dövrləri olub. Kəskin səviyyə dəyişmələri Xəzəryanı ölkələrin iqtisadiyyatına və ekologiyasına ciddi təsir göstərdiyindən onların uzun müddət üçün qabaqcadan proqnozlaşdırılması böyük əhəmiyyət kəsb edir. Lakin təəssüf ki, indiyə kimi belə bir etibarlı metod mövcud deyil.
Alman və holland alimlərinin XXI əsrin sonunadək Xəzərin səviyyəsinin 9-18 metr aşağı düşəcəyi haqqında verdikləri proqnoza münasibət bildirən Azərbaycanlı mütəxəssis səviyyənin aşağı düşməsində əsas səbəb kimi əsrin sonunadək havanın temperaturunun kəskin yüksəlməsi nəticəsində dəniz səthindən buxarlanan suyun miqdarının artmasını göstərib. O bildirib ki, Xəzər dənizinin səviyyəsi onun su balansı ilə müəyyən olunur. Balansın məxaric hissəsi (buxarlanma) mədaxil hissəsindən (atmosfer yağıntıları və çayların gətirdiyi su) böyük olduqda səviyyə aşağı düşür, əksinə olduqda isə yüksəlir.
Mütəxəssis deyib ki, əsrin sonunadək planetimizdə gözlənilən kəskin temperatur artımı yalnız Xəzər dənizi akvatoriyasına deyil, bütün dünya ekosisteminə ciddi təsir edəcək. Arktika, Antarktida və Qrenlandiyada buzların əriməsi dünya okeanının səviyyəsini o dərəcədə qaldıra bilər ki, bir çox ərazilər su altında qala bilər. Belə ki, yaxın vaxtlarda qlobal istiləşməyə səbəb olan karbon qazı və digər parnik qazlarının atmosferə atılmasında ciddi azalma baş verməsə, planetimiz böyük təhlükə qarşısında qalacaq.