Xəzər dənizinin suyunun azalması, səviyyəsinin aşağı düşməsi cəmiyyətimizi narahat edən və bu səbəbdən gündəmdən düşməyən məsələlərdəndir.
Uzun illər Xəzər dənizində elmi tədqiqatlar aparan, səviyyəsinin dəyişkənliyini öyrənən AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizi sahilləri və dibinin geomorfologiyası şöbəsinin müdiri, coğrafiya üzrə elmlər doktoru, professor Əmir Əliyev Xəzər dənizinin yaranma tarixi, iqtisadi əhəmiyyəti, səviyyəsinin dəyişkənliyi, dənizdə baş verən proseslər, Xəzərin gələcək vəziyyəti haqqında fikirlərini bildirib.
O bildirib ki, Avropa ilə Asiya arasında yerləşən Xəzər dənizi Yer planetində olan ən böyük qapalı su hövzəsidir. Belə ki, Xəzər dənizində olan suyun miqdarı Yer planetində yerləşən bütün qapalı göllərin sularının təxminən yarısı qədərdir. Bu nöqteyi-nəzərdən Xəzər dənizi və onun ərazisində baş verən proseslər Xəzərətrafı ölkələr, xüsusilə, Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir.
Xəzər dənizinin yarama tarixi 5 milyon il hesab olunur. Bundan əvvəl Xəzər dənizi Aralıq və Qara dənizlərlə birlikdə “Para Tatis” okeanının tərkibində olmuşdur. Sonradan tektonik proseslər nəticəsində, xüsusilə Qafqaz sıra dağlarının yaranması ilə əlaqədər olaraq Xəzər Qara dənizdən ayrılmış və əlahiddə fəaliyyət göstərmişdir. Xəzər dənizinin bir neçə milyon il bundan əvvəl Kuma-Manıç çökəkliyi vasitəsilə Qara dənizlə əlaqəsi olmasına baxmayaraq sonradan bu əlaqə tamamilə kəsilmişdir.
Xəzər dənizinin ən mühüm xüsusiyyəti onun səviyyəsinin daima qalxıb enməsidir. Belə ki, çoxillik müşahidələr göstərir ki, Xəzər dənizinin su səviyyəsi həmişə dəyişikliyə məruz qalmışdır. Onun sahilində Azərbaycan Respublikası əhalisinin təxminən yarıdan çoxu məskunlaşıb və bu nöqteyi-nəzərdən Xəzər dənizində baş verən proseslər, xüsusilə də suyunun qalxıb-enməsi Azərbaycanın sosial-iqtisadi həyatına böyük ziyanlar gətirib. Azərbaycanda sənaye potensialının 70 faizi məhz Xəzərsahili ərazidə yerləşib.
Xəzər dənizi səviyyəsinin dəyişmə amplitudu müxtəlif illərdə müxtəlif cür olmuşdur. Ən böyük uzunmüddətli səviyyənin qalxması (transqressiya) 15 min il əvvəl baş vermiş və 10 ilə qədər davam etmişdir. Bu müddət ərzində Xəzərin səviyyəsi 80 metrə qədər qalxmış, bütün əraziləri su basmışdır. Bununla əlaqədar olaraq dənizin səviyyəsinin qalxması və ərazilərin su basması dünyanın su basması kimi qeyd edilmişdir. Belə ki, bu zaman Nuhun gəmisinin yaranması və onun Ağrı dağına qədər gəlib çıxması və s. əfsanələr mövcud olmuşdur. Sonraki müddətdə Xəzər dənizində uzunmüddətli enmələr (reqressiya) də müşahidə edilmişdir. Məsələn, ilk qeydə alınan enmələr V əsrdə Sasanilər dövləti, Xosrov Nuşiravanin dövründə baş vermişdir. Bu zaman ölkənin şimal sərhədlərini qorumaq üçün dənizin içərisinə uzanan Dərbənd qala səddi tikilmişdir. Onda Xəzər dənizinin səviyyəsi indikindən xeyli aşağıda olmuşdur. İkinci belə tarixi bir sənəd VI əsrə təsadüf edir ki, bu zaman da Sasanilər dövlətinin ikinci qoruq sistemi Gil-Cil çay səddi salınıb. Hal-hazırda mövcud olan Çıraqqala bu qoruq sisteminin ən yüksək zirvəsində yerləşir və təbiət qoruğudur.
Xəzər dənizində ikinci ən böyük enmələr XI-XII əsrlərdə baş verib ki, bu müddətdə Bayıl qəsəbəsinin sahillərində Səbail şəhəri inşa edilib. Bu şəhərin qalıqları 1977-ci ildə Xəzər dənizinin səviyyəsi bugünkündən də aşağı düşən müddətdə arxeoloqlar tərəfindən aşkar edilib. Tarixi, arxeoloji, paleocoğrafi və instrumental müşahidələr göstərir ki, Xəzər dənizinin son 2 min ildə səviyyəsinin dəyişmə amplitudu 12 metr təşkil etmişdir. Bütün bu məlumatları əldə etdikdən sonra bizim tərəfimizdən Xəzər dənizinin son 4 min ildə dəyişmə qrafiki tərtib edilib. Bu qrafik göstərir ki, bu müddət ərzində Xəzər dənizinin səviyyəsində 450-430 illik periodiklik müşahidə edilir ki, 200-250 illik bu müddət ərzində səviyyə aşağı düşür və növbəti 200-250 il müddətində yuxarı qalxır. Səviyyənin axırıncı dəfə yüksək olması 1800-cü ilə təsadüf edir. O ildən başlayaraq Xəzərin səviyyəsi bu günə qədər enməkdə davam edir. Bu müddət ərzində Xəzərin səviyyəsinin enməsi haqqında biz hələ keçən əsrin axırlarında elmi məqalə ilə çıxış etmişdik. Xəzər dənizinin səviyyəsində 1800-cü ildə baş verən enmə təxminən 2050-ci illərə qədər davam edəcəyi güman edilir. Çünki bu müddət ərzində 250 il siklın tamamlanması müşahidə ediləcəkdir. Xəzər dənizində instrumental müşahidələr, ölçmələr ilk dəfə 1837-ci ildən başlamış və bu günə qədər davam edir. 1800-cü illərdə Xəzərin səviyyəsinin yüksək olması barədə Azərbaycan alimləri hələ o vaxt fikirlərini söyləmişlər. Məsələn, Abasqulu Ağa Bakıxanov özünün Gülüstani-İrəm əsərində bildirir ki, onun müşahidələrinə əsasən, dənizin suları o illərdə elə qalxmışdı ki, Bakıda Qala divarlarına qədər gəlib çıxmışdı. Məşhur Azərbaycan səyyahı Bakuvi yazir ki, 1400-cü illərdə Xəzərin suları qədim Bakı qalası divarlarını yuyurdu. İtalyan alimi Marino Sanudonun (1320) yazdığına görə Xəzər dənizinin səviyyəsi o illərdə hər il bir ovuc içi qədər qalxmış və iri şəhərlər bu illərdə dənizin altında qalmışdır.
1837-ci ildən aparılan müntəzəm ölçmə müşahidələri Xəzər dənizinin səviyyəsindəki dəyişmələri ətraflı izləməyə imkan verir. Bu müddət ərazində Xəzər dənizinin səviyyəsi kəskin aşağı düşməyə meyl etmişdir. 1930-cu ildən 1941-ci ilə qədər 2 metr düşmüş, ondan sonra səviyyədə nisbi sabitlik müşahidə olunmuşdur. 1970-1977-ci illərdə Xəzər dənizinin səviyyəsi 1 m aşağıya düşmüş, 1978-ci ildən başlayaraq qalxmağa başlamış və bu qalxma təxminən 2.5 metr olmuş, 1996-cı ildə pik nöqtəsinə çatmışdır. 1996-ci ildən başlayaraq səviyyədə enmə müşahidə edilmiş və proses bu gün də davam edir. Bu haqda biz 2000-ci ildə həyəcan təbili çaldıq və göstərdik ki, Xəzər dənizi geri çəkilməyə başlamışdır. Bu haqda mətbuatda elmi məqalə də dərc olundu. Hal-hazırda Xəzərin səviyyəsi dünya okeanının səviyyəsindən 28 metr aşağı, ozünün sıfır nöqtəsinə enmişdir. Bu enmənin 2050-ci ilə qədər davam edəcəyii proqnoz edilir.
Qeyd etmək lazımdır ki, Xəzər dənizinin səviyyəsinin həm enməsi, həm də qalxması Azərbaycan ərazilərində neqativ fəsadlar törədir. Apardığımız tədqiqatlar göstərir ki, Xəzər dənizinin səviyyəsinin 1978 -1996-cı illərdə 2,5 metr qalxması Azərbaycan ərazisinə xeyli ziyan vurmuşdur. Azərbaycan ərazisində yerləşən 11 inzibati rayon üzrə hesablamalar göstərdi ki, bu müddət ərzində 50 min hektara qədər ərazi su altında qalmışdır və respublikaya dəyən ziyanların miqdarı hesablamalara görə təxminən 2 milyard ABŞ dolları olmuşdur.
Deyildiyi kimi, hal-hazırda Xəzər dənizinin səviyyəsinin çəkilməsi nəticəsində səviyyə son 15 ildə 1.5 metrə qədər aşağı düşüb. 1995-ci illə müqayisə etsək, deyə bilərik ki, hal-hazırda həmin torpaqlar su altından çıxır və bəzi proseslər də gedir ki, (xüsusilə şoranlaşma prosesi) bunlar da həmin torpaqlardan istifadəyə mane olur. Qeyd etmək lazımdır ki, ən böyük subasma cənub zonasının payına düşür. Bu müddət ərzində bütün subasmanın 80 faizə qədəri Kür çayından Astara çayına qədər olan ərazilərdə baş verib. Hazırda gedən Xəzərin geri çəkilməsi, Xəzər dənizinin həmin ərazilərində yerləşən təsərrüfatlarına öz mənfi təsirini göstərir.
Bəs Xəzər dənizinin səviyyəsinin dəyişməsinin əsas səbəbi nədir?
Alimlər sübut etmişlər ki, səviyyədə min illər baş verən dəyişikliklər əsasən tektonik proseslər, yüz illiklər ərzində gedən dəyişmələr isə əsasən Xəzər regionunda baş verən iqlim proseslərinin nəticəsidir. İqlim prosesləri əsasən Xəzər dənizi hövzəsi üzərində təxminən 3 milyon kvadrat km ərazini təşkil edir ki, burada baş verən atmosfer prosesləri, xüsusilə siklonların və antisiklonların bir-birlərini əvəz etməsi əraziyə tökülən yağışların gətirdikləri suların hesabınadır. Volqa, Ural, Terek çayları Xəzərə tökülən suların 85 faizini təşkil edir. İqlimin məhsulu olan çay suları dənizin su balansının mədaxil hissəsini təşkil edir. Balansın məxaric hissəsi isə əsasən səthdən gedən buxarlanmanın hesabınadır. Su balansının mədaxil-məxarici arasındakı münasibətlər səviyyənin qalxıb enməsinə səbəb olur. Həmçinin burada antropogen proseslər də müəyyən rol oynamışdır. Xəzərə tökülən çayların sularından təsərrüfat və digər məqsədlərlə istifadə edilməsi nəticəsində Xəzər dənizinin su balansında defisit yaranmışdır. Xəzər dənizinin yerləşdiyi ərazi aktiv tektonik-seysmik zona hesab edilir. Bunların nəticəsində baş verən proseslər səviyyə dəyişmələrində mühüm də olmasa, müəyyən rol oynayır.