Hidroloq alim su ehtiyatlarına dair konfransda iştirak edib 2021-02-04 01:33:00 / MÜHÜM HADİSƏLƏR

AMEA akademik  H.Ə.Əliyev adına Coğrafiya İnstitutu Qurunun hidrologiyası və su ehtiyatları şöbəsinin aparıcı elmi işçisi, c.ü.f.d. Ziyafət Ağayev  “Su ehtiyatlarından səmərəli istifadənin təmin  edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”na əsasən su ehtiyatlarına dair məlumatların “Elektron su təsərrüfatı” informasiya sisteminə inteqrasiyası üçün yaradılmış işçi qrupun  video konfransında iştirak edib.

İşçi qrupun  üzvü olaraq tədbirdə çıxış edən Z.Ağayev su probleminin milli sərhədləri aşaraq qlobal problemə çevrildiyini, ölkənin su ehtiyatlarının son onilliklərdə təbii və antropogen amillərin təsiri nəticəsində getdikcə kəskinləşdiyini və problemin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlərin vacibliyini diqqətə çatdırıb. Alim bildirib ki, onsuz da az olan su ehtiyatlarımızın 2/3 hissəsinin transsərhəd çaylar hesabına formalaşması məhdudiyyət yaratmaqla yanaşı, qlobal iqlim dəyişmələrinin regional təzahürləri, sudan istifadənin kəskin artması bu problemi daha da kəskinləşdirib. Bu isə respublikamızın ərazisində su obyektlərinin rejiminə ciddi təsir göstərib, su ehtiyatlarının formalaşmasını və onlardan  istifadəni çətinləşdirməklə su təminatını pisləşdirib. 

Cİ əməkdaşı bütün bunları nəzərə alaraq, Azərbaycan Respublikasının su ehtiyatlarının yenidən qiymətləndirilməsinin və onları modelləşdirməklə inventarlaşdırılmasının vacibliyini xüsusilə qeyd edib.