AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu Geoinformatika və kartoqrafiya şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Şamil Əzizov Bakı Musiqi Akademiyası Elmi labaratoriya tərəfindən təşkil olunmuş Qanlı Yanvar və Qarabağ hadisələrinə həsr olunmuş dəyirmi masada məruzə ilə çıxış edib.
Azərbaycana qarşı əsrlərlə aparılan kartoqrafik-toponimiya müharibəsinin tarixi-coğrafi aspektlərini araşdıran alim erməni və rus kartoqraflarının özlərinin tərtib etdikləri tarixi-coğrafi xəritələrə istinad edərək bəzi faktlar və statistik rəqəmlər əsasında ermənilərin bu yönümdə təcavüzünü ifşa etməyə çalışıb. O bildirib ki, üç böyük dövlət – Rusiya, Türkiyə və İran arasında yerləşən Azərbaycana qarşı əsrlərlə həm işğalçılıq siyasəti, həm kartoqrafik-toponimiya müharibəsi aparılıb ki, bu ölkələr arasında çar Rusiyasının xüsusi yeri var.
İlk olaraq dövlət işğalçılıq siyasətini və ardınca ermənilərin Qafqaza köçürülməsini həyata keçirən rus çarı I Pyotr və ondan sonrakı hökmdarların əsas məqsədlərindən biri azəri türklərinin torpaqlarını istila etmək, onları “yeni” xəritələrdə yeni sərhədlərlə, yeni inzibati-ərazi bölgüsü çərçivələrində reallığa çevrilməsi olmuşdur.
Coğrafiyaçı alim üç yüz il ərzində Azərbaycan xalqına qarşı sayı bilinməyən repressiyalar, deportasiyalar, soyqırımlar, maddi-mədəni-mənəvi irsimizə olan vandal münasibətə baxmayaraq xalqımızın mübarizə apardığını, yaşayıb-yaratdığını və daim inkişaf etdiyini xüsusi qeyd edib: “Zaman bizim xeyirimizə işləyir. 2020-ci ilin payızında Vətən müharibəsində əldə olunan zəfər Azərbaycan xalqının məğlubedilməzliyini və böyük daxili potensialını bütün dünyaya göstərdi. İkinci Qarabağ müharibəsindən sonra hamıya aydın oldu ki, “böyük Ermənistan” xülyası heç zaman gerçəkləşməyəcək. 10 noyabr 2020-ci il tarixində Azərbaycan xalqı bu erməni mifini tarixin zibilliyinə atdı və orada basdırdı”.