AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Mirnuh İsmayılov Mədəniyyət televiziya kanalında Kəlbəcərə həsr olunmuş “Körpü” verilişinin qonağı olub.
Azərbaycanın Kəlbəcər ərazisinin vaxtı ilə coğrafiyaçılar tərəfindən ən çox tədqiq olunan rayonlardan biri olduğunu bildirən M.İsmayılov Kəlbəcərin Azərbaycan təbiətində özünəməxsus yeri olduğunu, təbii gözəlliyi, yeraltı, yerüstü sərvətlərinin zənginliyi ilə seçildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə burada olan tarixi-mədəni abidələr, qızıl, civə yataqları, 350 adda rəngli mineral daşlar, çoxlu sayda mineral və termal sular, flora və fauna, nadir ağaclar, dərman bitkiləri və s. həmişə diqqəti özünə cəlb edib.
Qədim insan məskənləri və onların coğrafi yayılma problemləri ilə məşğul olduğunu bildirən alim diqqəti geoloji baxımdan Kəlbəcər ərazisinin vulkanizmi ilə məşhur olduğuna çəkib. O deyib ki, müxtəlif tərkibli vulkanlar nəticəsində burada maraqlı relyef formaları yaranıb. Lava axınları nəticəsində çoxlu sayda müxtəlif növ mağaralar əmələ gəlib ki, bu da öz növbəsində qədim insanların məckunlaşması üçün yurd rolunu oynayıb. Kəlbəcərdəki qədim yazılı abidələr burada insan məskənlərinin olmasını bir daha sübut edir.
Çıxışının sonunda alim Kəlbəcərin parlaq gələcəyinə inandığını, onun iqtisadiyyatımızın möhkəmlənməsində, Azərbaycanın hərtərəfli inkişafında əhəmiyyətli rol oynayacağına əmin olduğunu bildirib.