AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov AzTV-nin “Əsas məsələ” verilişinin qonağı olub.
Kəlbəcərin dirçəlişinə həsr olunmuş verilişdə alim rayonun inkişafı üçün dövlət layihələrinin həyata keçirilməsinin əhəmiyyətindən, rayonda gedən yenidənqurma işlərinin ölkəmizə verəcəyi üstünlüklərdən, işğal dövründə Azərbaycana dəyən ziyanın həcmindən söhbət açıb.
Kəlbəcərin təbii ehtiyat potensialının təsərrüfatın inkişafına geniş imkanlar yaratdığını diqqətə çatdıran alim ərazidə yenidənqurma, bərpa layihələrinin həyata keçirilməsi üçün ərazidə ciddi landşaft planlaşdırılmasının aparılması, relyefin, təbii şəraitin nəzərə alinmasının vacibliyini qeyd edib. O bidirib ki, Kəlbəcər yüksək dağlıq şəraitinə malik olduğundan burada əkinçilik təsərrüfatındansa maldarlığın inkişaf etdirilməsi ilə daha yaxşı nəticələr əldə etmək olar.
İşğal dövründə Azərbaycana dəyən ziyanın hesablanmasına gəlincə, coğrafiyaçı mütəxəssis təkcə Kəlbəcərdəki mineral su bulaqları istismarının ölkəyə 7.5 milyard manat həcmində ziyan vurduğunu nəzərə çatdırıb. O qeyd edib ki, ermənilər həmin suları qablaşdıraraq öz adları ilə ixrac ediblər. Bizə məxsus qızıl, civə yataqlarından onların əldə etdikləri gəlir isə qat-qat artıq olub ki, bu da bizim itkilərimizin hesabındadır.
M.İsmayılov Kəlbəcərin işğalına zəmin yaradan siyasi vəziyyətə də toxunub, o dövrdə ölkədə hökm sürən özbaşınalığın, hərc-mərcliyin, dövlət idarəçiliyində oturan siyasətdən uzaq, öz yerində olmayan adamların ölkəni acınacaqlı vəziyyətə gətirib çıxarmasını yada salıb.