“Elm” qəzetində AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov və şöbə müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Şamil Əzizovun “Cənubi Qafqaz. 1903-cü il” xəritəsi: ermənilərin toponimik aqressiyalarını arqument kimi ifşa edən tarixi-coğrafi xəritələr” adlı məqaləsi çap olunub.
“Cənubi Qafqaz. 1903-cü il” xəritəsi Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 2012-ci ildə, “Qafqaz Hərbi Dairəsinin 1903-cü il xəritəsi” əsasında ingilis, rus və Azərbaycan dillərində, ümumi sayı 75 min tirajla nəşr edilib. Məqalədə mühüm əhəmiyyət daşıyan bu xəritənin dünya ictimaiyyətini düzgün məlumatlandırmaq və Azərbaycanın inzibati-ərazi vahidləri sərhədlərinin düzgün verilmədiyi, ərazi bütövlüyünün, tarixi və coğrafi adlarının təhrif olunduğu provokasiya xarakterli xəritələrin, atlas materiallarının ifşa edilməsi məqsədi ilə çap olunduğunu qeyd edilir. Burada xəritənin nəşri ilə əlaqədar rus hərbi kartoqrafiyası və onun xəritələrin nəşrində rolu, tarix, kartoqrafiya və toponimikanın öyrənilməsində tarixi-coğrafi xəritələrin əhəmiyyəti və s. haqqında maraqlı məlumatlar, xəritə əsasında ərazi toponimlərinin, eləcə də oronim və hidronimlərinin reprezentativ təhlili, müxtəlif dövrlərin xəritələrinə əsasən Ermənistanın ayrı-ayrı toponimlərinin dəyişilmə dinamikası yer alıb.
Tədqiqatçılar Rusiya hərbi-topoqrafik xidmətinin ordu üçün nəzərdə tutduğu xəritənin kifayət qədər geniş ərazini əhatə etdiyini və burada çoxlu müxtəlif məzmunlu elementlərin əks olunduğunu göstəriblər. Şəhər, qəsəbə və kəndlər, quberniya, əyalət, dairə mərkəzləri, qalalar, istehkamlar, eləcə də çaylar, göllər və s. yanaşı, gömrük zastavaları, postlar, poçt və dəmiryol stansiyaları, yol şəbəkəsi, sərhədlər (dövlət, quberniya, əyalət və s.), həmçinin dağılmış obyektlər, şəhər və kəndlər xəritədə dəqiqliklə öz əksini tapıb.
Bildirilir ki, Azərbaycan ərazisi XVШ, XIX əsrlərdə fəal surətdə xəritələrə salınmışdır. Rusiyanın hərbi tələbatını ödəmək məqsədi ilə XIX əsrdə Azərbaycanda topoqrafik xəritələşdirmə işləri xüsusi intensivliklə aparılıb. “Cənubi Qafqaz. 1903-cü il” xəritəsi tarixi sənəd kimi Ermənistan ərazisindəki coğrafi adların böyük əksəriyyətinin Azərbaycan mənşəli olduğunu sübut edir. Arxiv sənədlərindən məlum olur ki, yalnız 1946-1968-ci illərdə 300-dən çox Azərbaycan-türk toponimləri erməni adları ilə əvəz olunmuşdur. Bu gün belə dəyişdirilmiş toponimlərin sayı mini keçir. Rəsmi dövlət sərəncamları Ermənistanın özünün tarixi sənədləri kimi birbaşa türk toponimlərinin genosidi olan rüsvayçı erməni siyasətini ifşa edir. Erməni təcavüzkarlarının həyasızlıqları sərhəd tanımır. Onlar keçmişdə də, indi də həvəsləndirilir, himayəçi dövlətlər və erməni mafıyası tərəfindən idarə olunurlar. Tədqiqatlar göstərir ki, çox əsrlər bundan əvvəl indiki Ermənistan ərazisində məskunlaşmış Azərbaycan xalqına məxsus yerli adları, toponimləri tarixi mənbələrdən, coğrafiya xəritələrindən silib atmaq olmaz. Tarix tarix kimi qalır və onu kiməsə sərf edən formada yenidən yazmaq mümkün deyil.