AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda Azərbaycan ərazisində qədim dövrlərin coğrafiyası tədqiq edilir.
Coğrafiya üzrə elmlər doktoru Yelena Tağıyevanın rəhbərliyi altında İnstitutun Paleocoğrafiya şöbəsi Arxeologiya və Etnoqrafiya institutu ilə birgə qədim insan düşərgələrinin paleoekoloji və paleocoğrafi şəraitinin bərpası istiqamətində tədqiqatlar aparır. Palinoloji və ya spor-tozcuq analizinin köməyilə alınan məlumatlar qədim və orta əsr insan paleoekologiyasının bir çox məsələlərinin həllində əsas rol oynayır. Alimin bildirdiyinə görə palinoloji tədqiqatlar göstərmişdir ki, iqlim dəyişməsi Azərbaycanın Qarabağ düzənliyində yaşamış Leylatəpə mədəniyyəti daşıyıcılarının həyat tərzinin və təssərrüfat fəaliyyətinin dəyişməsinə bilavasitə təsir edib. Düşərgələrin əsas çay arteriyalarına nisbətən yaxın yerləşməsində bu özünü daha aydın göstərir, belə ki, rütubətli dövrlərdə düşərgələr təpəlik yerlərdə, quru dövrlərdə isə çayların bilavasitə yaxınlığında salınıb. Yaşayış evlərinin tikilməsi üsulları kərpic xammalından tutmuş yüngül konstruksiyaya qədər dəyişib. Dulusçuluq sənətinin təşəkkülü ilə əlaqədar saxsı qabların hazırlanması zamanı kol və ağac bitkilərinin böyük həcmdə yandırılması tətbiq edilir.
Şöbə əməkdaşları həmçinin, AMEA-nın Botanika, eləcə də Geologiya və Geofizika İnstitutunun mütəxəssisləri ilə birgə bir sıra digər elm sahələri üçün də perspektivli istiqamət sayılan palinoloji metod vasitəsilə bitkilərin sistemləşdirilməsi üçün müqayisəli-palinomorfoloji tədqiqatlar aparırlar. Bu istiqamətdə birgə multidissiplinar tədqiqat Boraginaceae ailəsindən olan Nonea cinsinin tozcuqlarının skanlı elektron mikroskopunda öyrənilməsi məqsədilə aparılıb. Tədqiqatın məqsədi tozcuqların yeni mikromorfoloji əlamətlərinin aşkar edilməsi və Azərbaycan florasının bəzi nümunələrinə “növ” statusunun verilməsidir. Bu barədə Elsevier beynəlxalq nəşr evinin nüfuzlu «Review of Palaeobotany and Palynology» jurnalına məqalə təqdim edilib.