AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Xəzərin hidrometeorologiyası şöbəsinin müdiri, c.ü.e.d. Səid Səfərovun “Azərbaycanın Xəzəryanı sahillərində atmosfer yağıntılarının müasir vəziyyəti” adlı məqaləsi Rusiya Elmlər Akademiyası P.P.Şirşov adına Okeanologiya İnstitutunun yüksək nüfuzlu beynəlxalq “Okeonoloji tədqiqatlar” jurnalında dərc olunmaq üçün qəbul edilib.
20 vərəq həcmində olan məqalədə 10 hidrometeoroloji stansiyanın müşahidə məlumatlarına əsaslanaraq, 1961-2017-ci illər ərzində Xəzərin Azərbaycana aid sahilyanı ərazilərində və dəniz stansiyalarında atmosfer yağıntıları rejiminin müasir dəyişmələri tədqiq edilib. Göstərilib ki, havanın qlobal və regional istiləşməsi şəraitində ərazinin əksər hissələrində yağıntıların artması, dəniz stansiyalarında isə azalması müşahidə olunur. Yağıntıların daha kəskin artması Bakı şəhərində qeydə alınıb. Bütün stansiyalar üçün soyuq yarımillikdə yağıntların artması, isti yarımillikdə isə azalması baş verir. Yağıntı rejimindəki dəyişikliklər, ilk növbədə, dəniz suyu temperaturunun artması və son illərdə sahil zonasının, xüsusilə də Bakı şəhəri ərazisinin landşaft xüsusiyyətlərində baş verən kəskin antropogen dəyişmələrlə izah edilir.
Qeyd edilir ki, son vaxtlar Bakı şəhərində yağıntı miqdarının və intensivliyinin artması bir sıra fəsadlara, o cümlədən, küçə və yeraltı keçidlərin su basmasına, nəqliyyatın hərəkətində problemlərə və torpaq sürüşməsi proseslərinin intensivləşməsinə səbəb olur.