AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları hazırkı karantin rejimi şəraitində Covid 19 pandemiyasının yayılmasına təsir edən landşaft planlaşdırılması mövzusununda beynəlxalq aktual dir layihənin icrası üzərində işləyirlər.
“Roma və Bakı metropol regionlarında landşaft örtüyü dəyişikliklərinin məsafədən zondlama məlumatları və CİS əsasında tədqiqi” adlanan bu layihə AMEA və İtaliya Milli Tədqiqat Şurası (CNR) arasında imzalanmış birgə elmi əməkdaşlıq proqramı çərçivəsində 2020-2021-ci illər üçün elan edilmiş müsabiqənin qalibidir. layihənin əsas məqsədi müxtəlif metropol ərazilərdə landşaft örtüyünün dəyişməsini müqayisə etməkdir.
Coğrafiya İnstitutu tərəfindən layihənin icraçıları Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri, dosent Mirnuh İsmayılov və böyük elmi işçi, c.üf.d. Şahnaz Amanovadır.
Layihənin koordinatoru M.İsmayılovun bildirdiyinə görə, şəhər landşaftlarının planlaşdırılması zamanı binalar, məhəllələr arasında ekoloji normaların gözlənilməsi, yaşıllıq sahələrinin normalara uyğunluq dərəcəsi müxtəlif növ infeksiya və virusların, xəstəliklərin yayılmasına müəyyən təsirlər göstərir. Bu baxımdan şəhər landşaft planlaşdırılması və onun öyrənilməsi vacib məsələdir. Landşaft örtüyü dəyişməsinin monitorinqi yalnız yerin səthində olan prosesləri anlamaq üçün deyil, eyni zamanda, metropol regionların gələcək inkişafı üçün də vacibdir.
Məsafədən zondlama texnologiyası və GIS landşaftdan istifadə məsələlərini təhlil etmək və planlaşdırma və modelləşdirmə vasitələrini ehtiva edən səmərəli üsulları təmin edir. Landşaft örtüyünün dəyişməsini araşdırmaq və müqayisə etmək üçün Sentinel 2 və Landsat 8 peykinin məlumatlarından istifadə ediləcək. Beləliklə, əldə edilmiş məlumatlar ətraf mühit və torpaqların davamlı inkişafı üçün yerli idarəetmə orqanlarına kömək edəcək. Layihənin nəticələri torpaq örtüyündə gedən dəyişikliyi öyrənməyə, kritik sahələri müəyyənləşdirməyə, daha çox sahələrdə ətraflı tədqiqatlar aparmağa imkan verəcək.
CİS texnologiyaları əsasında landşaft örtüyünün dəyişməsi ilə bağlı məlumat bazalarının müqayisəsi, uyğun rəqəmsal xəritələrin hazırlanması, landşaft örtüyündəki dəyişlikləri tədqiq etmək üçün beynəlxalq səviyyədə yeni bir kompleks monitorinq sisteminin sınaqdan keçirilməsi həyata keçiriləcək.
Birgə tədqiqatlar zamanı tərəflərin alim və mütəxəssisləri il ərzində iki dəfə olmaqla görüşəcək, əldə etdikləri məlumatları müqayisə edəcək, birgə müzakirələr və fikir mübadiləsi aparacaqlar. Hazırda tərəflərin planda nəzərdə tutulmuş may ayındakı görüşləri məlum səbəblərdən təxirə salındığından işlər onlayn şəkildə yerinə yetirilir.