Koronovirus pandemiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunan karantin rejiminə uyğun olaraq AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu elmi seminarlarını onlayn şəkildə bərpa edib.
Elmi seminarın karantin dövründə keçirilən ilk iclasında İstitutun direktoru, akademik Ramiz Məmmədov əvvəlcə ölkədə hökm sürən hazırkı vəziyyət haqqında tədbir iştirakçıları ilə fikirlərini bölüşüb, əməkdaşların sosial izolyasiya şəraitində fəaliyyəti haqqında məlumat verib. O qeyd edib ki, karantin şəraitinə baxmayaraq İnstitutda iş dayanmamış, işçilər elmi fəaliyyətlərini evdə davam etdirmişlər. Onlar təsdiq edilmiş plana uyğun olaraq elmi-tədqiqat işlərini məsafədən aparır, məqalələr üzərində işləyir, hazırkı durum ətrafında kütləvi informasiya vasitələrində çıxışlar edir, müsahibələr verirlər. Aprel ayının əvvəlindən bu günədək alimlərimiz coğrafiyanın müxtəlif sahələrini əhatə edən və günün tələblərinə cavab verən mövzularda elmi araşdırmalar, tədqiqat işləri aparmış, həmçinin televiziya kanalları, eləcə də qəzet və saytlarda çoxlu sayda çıxışlar etmişlər.
Akademik İnstitut əməkdaşları Geoinformatika və kartoqrafiya şöbəsinin böyük elmi işçisi Yaşar Nəsibov və Xəzərin səviyyə problemi şöbəsinin elmi işçisi, c.ü.f.d Elnur Səfərovun Türkiyənin Samsun Universitetinin elmi işçisi Fatih Ocakla birgə hazırladıqları "Covid-19-la bağlı real zamanlı monitorinq sisteminin tətbiqindən danışarkən Coğrafiya institutunun növbəti yeni bir əhəmiyyətli layihəyə imza atdığını xüsusi qeyd edib.
İnstitut rəhbəri “Türk dünyasının coğrafiyası və etnosu” üçcildliyi üzərində gedən işlər barəsində məlumat verib, kitabın buraxılışına məsul, elmi işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənovun əsərin 3-cü cildinin vaxtında və yüksək səviyyədə ortaya qoyulması üçün bu işə böyük məsuliyyətlə yanaşdığını qeyd edib. O həmçinin magistrantlar üçün təşkil edilmiş onlayn dərslərin gedişinə də toxunub və onların uğurla davam etdiyini diqqətə çatdırıb.
Sonra Paleocoğrafiya şöbəsinin aparıcı elmi işçisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Rəşid Fətəliyev “Koronavirus pandemiyasının coğrafiyası və dünya əhalisinin qida rasionu arasında mümkün əlaqələrin tədqiqi” mövzusunda məruzə ilə çıxış edib.
Ümumdünya Səhiyyə Təşkilatının və ayrı-ayrı ölkələrin statistik məlumatlarını, yoluxmanın yayılma xəritələrini müqayısəli təhlil edən müəllif ölkələrin coğrafi və iqlim şəraiti, eləcə də kənd təsərrüfatı, xüsusilə qida məhsullarının istehsalı və istehlakına dair məlumatları tutuşdurub və bunlar arasındakı əlaqəni araşdırıb. Elmi işçi Banqladeş və Kamboca, Vyetnam və Tailand, böyük Hindistan və Pakistan, Filippin və İndoneziya kimi isti ölkələrdə COVİD-19 virusunun nisbətən aşağı templə yayılmasını və bu xəstəlikdən sağalanların daha çox olmasını həmin ölkələrin əhalisinin daha çox, tərkibi B qrupu, PP, E vitaminləri, karotin, eləcə də insan orqanizmi üçün vacib sayılan mikroelementlərin olduğu düyü ilə qidalanması ilə əlaqələndirib. Məruzəçi bu nəticənin müvafiq sahə üzrə tədqiqatçı alim və mütəxəssislər tərəfindən ciddi araşdırılmasına ehtiyac duyulduğunu diqqətə çatdırıb.
Sonra elmi işçilər Elnur Səfərov və Yaşar Nəsibov "Covid-19 Azərbaycan Real Zamanlı Monitorinq Sistemi"nin tətbiqi haqqında iclas iştirakçılarına ətraflı məlumat veriblər. Bildirilib ki, bu sistemin tətbiqi ilə istənilən hər bir kəs sutka ərzində dünyada və ölkəmizdə virusa yoluxanların, sağalanların, vəfat edənlərin, aktiv covid-19 xəstələrinin və aparılan testlərin sayı haqqında məlumat əldə edə bilər. Tətbiqdən istifadə etməklə məkan analizlərinin təhlilinin aparılması, şəhər və rayonlar üzrə surətli axtarış verilməsi və digər funksiyaların da yerinə yetirilməsi mümkündür. Rəsmi qurumlar tərəfindən gündəlik məlumatlar əldə edilərsə, şəhər və rayonlar üzrə sutka ərzində pandemiyanın yayılma arealını da göstərmək olar.
Sonra Xanım Rzazadə Coğrafiya İnstitutunun təşəbbüsü ilə əməkdaşların Covid-19 pandemiyasının yayılması ilə əlaqədar Ümumittifaq Səhiyyə Təşkilatının elan etdiyi “Təmiz əllər” kampaniyasında iştirakı barədə məlumat verib. Bildirilib ki, coğrafiyaçılar özlərinin kampaniyada iştiraklarını video lentinə köçürərək estafeti növbəti iştirakçılara ötürüblər. Bu təşəbbüsə ADU və ADPU-nun coğrafiyaçı alimləri də qoşulublar. X.Rzazadə həmrəylik nümayiş etdirərək təşəbbüsü davam etdirən coğrafiyaçılara təşəkkürünü bildirib. O həmçinin İctimai əlaqələr şöbəsinin karantin dövründə elmi işçilərlə yaratmış olduğu əlaqələrdən, press-relizlər hazırlayaraq onların fəaliyyəti haqqında əldə etdiyi məlumatların kütləvi informasiya vasitələrinin köməyi ilə ictimaiyyətə çatdırılmasından danışıb.
Coğrafiya İnstitutunun karantin dövründəki fəaliyyətini müsbət qiymətləndirən direktor iclasa yekun vuraraq, xalqımızın tezliklə koronovirus bəlasından qurtulacağına və elmi iclasların yenidən İnstitut daxilində keçiriləcəyinə ümid bəslədiyini bildirib.