Professor Əmir Əliyevin 70 yaşı tamam olub 2020-02-21 13:08:00 / YUBİLEYLƏR

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu  Xəzər dənizi sahilləri və dibinin geomorfologiyası şöbəsinin müdiri,   coğrafiya üzrə elmlər doktoru, professor   Əmir Soltan oğlu Əliyevin yanvarın 4-də 70 yaşı tamam oldu.

Alimin elmi  fəaliyyəti haqda danışan Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov özünün bu İnstitutuna gəlişinin  keçmiş tələbə dostu Əmir Əliyevin təklifi ilə baş tutduğunu dilə gətirib. O bildirib ki, Ə.Əliyev 1972-ci ildə BDU-nun fizika fakültəsini bitirmiş və təyinatla AMEA-nın Coğrafiya İnstitutuna göndərilmisdir. Həmin ərəfədən də onun yaradıcılıq fəaliyyəti və ömür coğrafiyası bilavasitə Xəzərin taleyi ilə bağlanıb. Onun  müasir problemlərinin daha dərindən və səmərəli elmi yanaşmalarla öyrənilməsi məqsədilə 1974-1976-cı illərdə keçmiş sovet məkanında (Moskvada) Okeanologiya İnstitutunda yeni elmi-metodoloji tədqiqatlarların nəticələrini mənimsəmişdir. Daha doğrusu, “Dəniz – atmosfer qarşılıqlı əlaqələri” problemləri üzrə tam ixtisaslaşmışdır. Ə.Əmirov 1981-ci ildə “Dənizin su üstü atmosfer qatında turbulent proseslərin tədqiqi” mövzusunda dissertasiya müdafiə edərək elmlər namizədi adını almışdır. Uzun müddət Xəzər dənizinin müasir problemləri ilə məşğul olan müxtəlif təşkilatlarda çalışıb. Xəzər ətrafı ölkələr içərisində ilk dəfə olaraq Respublikanın dəniz sahili ərazilərinin irimiqyaslı sudaşıma atlasını ortaya qoymuşdur. Çoxsaylı  tədqiqatlarının nəticələri mötəbər beynəlxalq jurnallarda dünya elmlərinə inteqrasiya olunması Azərbaycan elminin uğuru  sayılır. Onun 2004-cü ildə müdafiə etdiyi “Xəzər dənizinin səviyyə tərəddüdləri və onların Azərbaycan Respublikası sahil zonalarına təsiri” mövzusunda doktorluq dissertasiyası müasir elmi-nəzəri dəyərlərimizi daha da zənginləşdirib. Bunların müqabilində isə o, AAK tərəfindən “Dəniz coğrafiyası” üzrə professor elmi adını alıb.

Yüzlərlə nəşr olunmuş elmi məqalənin, bir neçə monoqrafiyanın müəllifidir.

İnstitut direktoru yubilyarı anadan olmasının 70, elmi-pedoqoji fəaliyyətinin 45 illiyi münasibətilə Əmir Əliyevi İnstitut kollektivi adından  təbrik edərək ona uzun ömür, can sağlığı və elmi fəaliyyətində nailiyyətlər arzulayıb.

 

Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2024