AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Elmi seminarında Xəzər dənizinin monitorinqi şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, f/r e.d. Rauf Qardaşovun “Günəş panelinin günlük optimal istiqamətinin təyini” mövzusunda məruzəsi dinlənilib.
Alim işləyib hazırladığı Günəş panelinin gündəlik optimal istiqamətini təyin edən yeni metodun riyazi modelini təqdim edib və onun hazirda Azərbaycan Respublikasında geniş tətbiq olunan “illik optimal” seçimlə müqayisədə ildə 7% daha çox enerji istehsal etməyə imkan verdiyini diqqətə çatdırıb. Model əsasında hazırlanmış kompüter proqramı seçilmiş hər bir coğrafi nöqtə üçün ilin günləri üzrə panelin istiqamətinin azimut və zenit bucaqlarını çıxış olaraq verir. Proqramın giriş parametrləri: seçilən nöqtənin coğrafi koordinatları; “relyef funksiyası”; atmosferin “optik qalınlığı”; buludluluq balıdır. Modelin tətbiqi dağlıq bölgələrdə şəxsi həyətyanı sahələrdə, xüsusilə, turistik təsisatlarda avtonom şəkildə təmiz enerji təchizatında effektiv ola bilər.
Qeyd edək ki, Qardaşovun təklif etdiyi bu model 2019-cu ilin mart ayında 5-illik impakt faktoru 11.239 olan Q1 kateqoriyalı “RENEWABLE & SUSTAINABLE ENERGY REVIEWS” jurnalında dərc edilmişdir: https://doi.org/10.1016/j.rser.2019.109668