Külək elektrik stansiyalarının yer seçimində CİS tətbiqi üzrə təqdimat olub 2019-11-20 19:39:00 / ELMİ İCLASLAR

AMEA Coğrafiya İnstitutunun  Elmi seminarı ilə Elmi şurasının   növbəti birgə iclası keçirilib. Gündəlikdə duran məsələlərlə iştirakçıları tanış edən akademik  Ramiz Məmmədov ilk əvvəl dünyasını dəyişmiş İnstitut əməkdaşı,   Xəzər dənizinin hidrometeorologiyası  şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Zabit Allahverdiyevin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsini xahiş edib. Sonra iclasın sədri mərhumun  haqqında danışmaq üçün sözü İnstitut həmkarlar təşkilatının sədri Habil Haqverdiyevə verib.

Təşkilat sədri bildirib ki, Zabit Allahverdiyevin dünyasını dəyişməsi təkcə onun ailəsi, əzizləri, sevənləri üçün deyil, eyni zamanda, coğrafiya elmi üçün də böyük itkidir. Hazırda Xəzər problemi dünya alimlərini narahat edən problemlərdəndir. Onun elmi cəhətdən araşdırılmasına böyük ehtiyac duyulduğu halda,  bu sahədə mütəxəssislər heç də kifayət qədər deyil.  Zabit müəllim Xəzər dənizi üzrə yaxşı tədqiqatçı, püxtələşmiş  bir alim  idi. İqlim dəyişkənliyi fonunda Elmlər doktoru adı almaq üçün Xəzərin hidrometeoroloji sahələrinin tədqiqi mövzusunda hazırladığı dissertasiya işi demək olar ki, hazır idi. Təəssüf ki, onu müdafiə etmək Zabit müəllimə qismət olmadı. O həm də fəal ictimaiyyətçi kimi  İnstitut həmkarlar təşkilatının üzvü idi, Xəzər dənizinin hidrometeorologiyası şöbəsinə rəhbərlik edirdi. O həm də yaxşı xüsusiyyətlərə malik sakit təbiətli, qayğıkeş, gülərüz bir insan idi. Zabit müəllimin xatirəsini İnstitut kollektivi   həmişə xoş sözlərlə yad edəcək.

Akademik Ramiz Məmmədov, AMEA-nın müxbir üzvü Rauf Qardaşov, c.ü.e.d. Əmir Əliyev, c.ü.f.d. Nazim Əhmədov  və digər iş yoldaşları Zabit Allahverdiyev haqqında xatirələrini bölüşüb, onların yaddaşında həmişə yaxşı dost,  təmkinli, alicənab, köməyini heç kəsdən əsirgəməyən, zəhmətkeş bir insan kimi qalacağını dilə gətirib, Allahdan iş yoldaşına rəhmət, əzizlərinə səbir diləyiblər.  

Sonra  Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin elmi işçisi Nicat İmamverdiyev  “Azərbaycanda külək elektrik stansiyalarının yer seçimində coğrafi informasiya sistemlərinin tətbiqi” mövzusunda  təqdimatla  çıxış edib.

Məruzəçi  bildirib ki, Azərbaycanda elektrik enerjisinin 91,9%-ni verən istilik elektrik stansiyalarından atmosferə ildə 18,5 mln. ton karbon qazı buraxılır. Eyni zamanda elektrik enerjisi istehsalına  milyardlarla m3 təbii qaz sərf olunur. Dünya ölkələrinin illik karbon emissiyalarının həcmi 45 mlrd. tona çatmışdır ki, bu da orta illik temperaturun 0,80 C artmasına və qlobal istiləşməyə gətirib çıxarmışdır. Bunun qarşısını almaq məqsədilə son 10 ildə bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının qurulmasına dünyanın 146 ölkəsi ümumilikdə 2,6 trln. ABŞ dolları investisiya yatırmışdır. Atmosferə buraxılan karbon qazı tullantılarının həcmini azaltmaq üçün istilik elektrik stansiyaları tədricən alternativ enerji mənbələrinə əsaslanan stansiyalarla əvəz olunur.

Tədqiqatçı 1990-2015-ci illərin külək meteoroloji məlumatları əsasında Abşeron yarımadası, Culfa və Ordubad rayonlarının külək yüksək potensiala malik olduğunu müəyyən etmişdir. O, coğrafi informasiya sistemlərinin köməyi ilə külək turbinlərinin işləməsi üçün minimum sürəti 3,5 m/s-dən yüksək olan ərazilərin ümumi sahəsini hesablamış, turbinlərin texniki xüsusiyyətlərini təhlil edərək  istehsal oluna bilən elektrik enerjisinin  miqdarını  təyin etmişdir.  Azərbaycanda külək elektrik stansiyalarının yerləşdirilməsi üçün CİS  proqramları vasitəsilə ümumi optimal ərazilərin sahəsi müəyyən edilmiş, ölkənin elektrik tələbatını ödəmə qabiliyyəti yüksək səmərəliliyə malik 56 məntəqədə tədqiq edilmişdir.  Müəyyən edilmişdir ki,  Azərbaycanda elektrik enerjisinə tələbatın 17%-ni külək elektrik stansiyaları vasitəsilə almaq  mümkündür.   

Bu həm də Azərbaycanın “Paris Sazişi”ndə götürdüyü karbon tullantılarının azaldılması öhdəliyinin yerinə yetirilməsi və dayanıqlı enerjidən istifadə edən ölkələrdən geri qalmaması üçün də əhəmiyyətlidir.