AMEA akad.H.Ə.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının növbəti iclasında Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin başa çatmış “Azərbaycanın arid və semiarid geosistemlərinin təbii dinamikası, antropogen transformasiyası və onların idarə olunmasının landşaft-ekoloji əsasları (Kür dağarası çökəkliyi timsalında)” mövzusundakı elmi tədqiqat işinin hesabatı dinlənilib.
Məruzəçi, şöbənin müdiri, dosent Mirnuh İsmayılov bildirib ki, ilk dəfə olaraq arid və semiarid geosistemlərin transformasiyası və dinamikası kompleks-sistemli şəkildə tədqiq edilmiş, antropogen yüklənmənin təbii-ekoloji normanın mümkün həddini keçməsi iri miqyaslı (1:100 000) antropogen transformasiya xəritəsi tərtib olunmuşdur. Müəyyən olunmuşdur ki, geosistemlərin inkişaf tendensiyaları təbii amillərdən asılı olsa da onların dəyişmə intensivliyi antropogen təsirlərlə bağlıdır. Son 150 il ərzində Kür dağarası çökəkliyində yarımsəhraların sahəsi 1,5; quru və kserofit kolluq bozqırların sahəsi 2,5-3, seliteb-texnogen komplekslərin sahəsi isə 5,4 dəfə artmış, digər komplekslər isə əksinə, arid meşələr 8,4, tuqay meşələri 5,2, hidromorf landşaftların sahəsi isə 2,4 dəfə azalmışdır.
Başa çatmış hesabat işində ilk dəfə bir sıra iri miqyaslı (1:100 000) xəritələr-landşaftların antropogen transformasiyası, regional səviyyədə landşaftların termik və rütubətlənmə şəraitinin zaman-məkan strukturunu əks etdirən xəritələr, "Ekoloji karkas xəritə-modeli" və s. tərtib edilmişdir.