AMEA akad. H.Ə. Əliyev ad. Coğrafiya İnstitutu Qadınlar Şurasının təşkilatçılığı ilə Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Gününə həsr edilmiş “Cəmiyyətimizdə qadın zorakılığı qəbuledilməzdir!” mövzusunda tədbir keçirilib.
Tədbirdə AMEA Qadınlar Şurasının sədri, professor Rəna Mirzəzadə, büro üzvləri, eləcə də AMEA-nın institut və təşkilatlarından dəvət olunmuş qadın şuralarının sədr müavinləri və büro üzvləri, Cİ QŞ-nın üzvləri iştirak ediblər.
Tədbir iştirakçılarına qadın zorakılığına qarşı mübarizənin rəmzi sayılan ağ lent paylanıb. Coğrafiya İnstitutu Qadınlar Şurasının sədri Luiza Salayeva mövzuya giriş olaraq Azərbaycanda qadın zorakığılığına qarşı KİV və DİN-in kriminal xronikası əsasında hazırlanmış 3 dəqiqəlik videoçarxa baxmağı təklif edib. Filmin nümayişindən sonra şura sədri tədbirin keçirilməsinin əhəmiyyətindən, qadın zorakılığının istənilən dövrdə və istənilən ölkədə cəmiyyət üçün bir bəlaya çevrildiyindən söhbət açıb.
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının əməkdaşı, f.ü.f.d. Zeynəddin Şabanov: “Müasir dövrdə zorakılıq və ayrı-seçkilik hallarının aradan qaldırılması prioritet məsələdir” mövzusunda məruzə ilə çıxış edərək, iştirakçıları Azərbaycanda "Məişət zorakılığının qarşısının alınması haqqında" qanunla tanış edib, qadına qarşı zorakılığın hüquqi tərəfləri, BMT-nin insan hüquqlarinin müdafiəsi mexanizmləri, qadınlara qarşi ayri-seçkiliyin bütün formalarinin ləğvi üzrə konvensiya haqqinda ümumi məlumatlar verib.
Coğrafiya İnstitutunun elmi işçisi Solmaz Rzayeva: “Qadın zorakılığının QİÇS-ə gedən yolu” mövzusundakı məruzəsində bildirib ki, cinsi zorakılıq qadını QİÇS kimi cinsi yolla keçən infeksiyalarla yoluxma riski ilə üz-üzə qoyur, cinsi zorakılığın qurbanları sağlamlıq problemləri ilə bağlı müxtəlif psixoloji və emosional pozğunluqlar yarana bilir, onların təxminən on üç faizi özünə sui-qəsdə cəhd edir.
AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, f.ü.f.d. İradə Zarqanayeva “Gender islam işığında” mövzusu ilə çıxış edərək, xalqımızın milli-mənəvi dəyərlərinin həm də islam dəyərləri ilə bağlı olduğunu, İslam dininin qadın hüquqlarına böyük önəm verdiyini və hər cür zorakılığın əleyhinə olduğunu diqqətə çatdırıb, dini maarifləndirmə işlərinin aparılmasını ön plana çəkib.
Professor R.Mirzəzadə çıxış edərək bu kimi tədbirlərin keçirilməsinin zəruriliyini qeyd edib. Şura sədri tədbirin yüksək səviyyədə təşkilinə görə Coğrafiya İnstitutunun Qadınlar Şurasına təşəkkürünü bildirib, bu qurumun AMEA institutları arasında öndə getdiyini diqqətə çatdırıb və bu işdə sədr Luiza Salayevanın əməyini xüsusilə qeyd edib.
Cİ Həmkarlar təşkilatının sədri, c.ü.f.d. Habil Haqverdiyev, Fəlsəfə İnstitutunun əməkdaşı, f.ü.f.d. Mətanət Şəkixanova, Dilçilik İnstitutunun əməkdaşı, d.ü.f.d. Lalə Qurbanova və s. mövzu ətrafında fikir bildirərək qeyd ediblər ki, bəzi hallarda qadınlara qarşı zorakılıq onların bir çoxunun öz hüquqlarını bilməməsi səbəbindən irəli gəlir, dövlətin qadınlara verdiyi imkanlardan istifadə etməyi bacarmırlar. Erkən nikahların qadın zorakılığının əsas səbəblərindən biri olduğunu, gənc yaşlarda ailə qurmuş qızların əksər hallarda təhsildən, məktəbdən uzaqlaşdığını və bütün bu halların isə qadın zorakılığına şərait yaratdığını diqqətə çatdırıblar. Onlar qadına qarşı zorakılığın qarşısının alınmasında, ictimai rəyin formalaşdırılmasında KİV-lərin, xüsusilə də televiziyanın rolunu və vəzifələrini xüsusi vurğulayıblar.