Fevralın 24-də AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunda akademik Ramiz Məmmədovun gənc alim və mütəxəssislərlə görüşü keçirildi.
Görüşün əsas məqsədi İnstitut rəhbərliyinin gənclərin elmi fəaliyyətinin vəziyyəti və problemləri ilə yaxından tanış olması və yardımçı olmaqdan ibarət idi.
Direktor bu görüşə bütün ciddiliyi və tələbkarlığı ilə yanaşdı. Tədbirdə iştirak edən hər bir gənc əməkdaşı bir-bir ayağa qaldıraraq hansı mövzu üzərində işlədikləri, işin hansı mərhələdə olduğu, çöl-tədqiqat işlərində iştirakları, beynəlxalq və ya yerli elmi jurnallarda məqalələrinin çapı, hansı elmi kitabları oxuduqları və s. ilə maraqlandı, onları gördükləri işlər barədə qısa hesabat verməyə dəvət etdi.
Direktor nisbətən passiv gəncləri bir ata kimi danlayaraq, onlardan daha yüksək nəticələr gözlədiyini söylədi. Cavan mütəxəssis kimi özünün işə böyük həvəslə başladığı illərdə Xəzər dənizində apardığı tədqiqatlarından nümunələr gətirdi. Ramiz müəllim qasırğanın törətdiyi təhlükələrə, soyuğa, aclığa sinə gərərək 28 gün tək-tənha, azuqəsiz dənizin ortasında qalmağa, yaxud növbəti dəfə, gəmidəki nasazlığı aradan qaldırmaq üçün ətrafdakıların etirazına məhəl qoymadan 8 dərəcə soyuq suya baş vuraraq orada bir neçə dəqiqə keçirməsinə baxmayaraq, “O həyatı məmnuniyyətlə yenidən yaşayardım” – deyir, “Çünki mən həmin günlərdə özümü gənc bir tədqiqatçı kimi sübut edə bildim, düzgün yol seçdiyimi təsdiq etdim”.
Rəhbər dedi ki, elmdə nailiyyət əldə etmək üçün onu sevməli, işinin vurğunu olmalısan. O anlatdı ki, vaxtını səmərəsiz keçirən, mütaliədən qaçan, öz dilindən başqa heç bir xarici dil bilməyən, işinin nəticəsi olmayan, passiv gənclər elmə lazım deyil. Ramiz müəllim işinə can yandıran, onun öhdəsindən uğurla gələn, elmi ədəbiyyat və jurnalları daim izləyən, ekspedisiyalara - təcrübi işlərə can atan, məqalələr çap etdirən fəal, perspektivli gənclərə böyük diqqət və qayğı ilə yanaşdığını nümayiş etdirdi, lazım olan köməyi onlardan əsirgəməyəcəyinə inam yaratdı.
Gənclər onların elmi fəaliyyətinin daim nəzarət altında olduğunu, eləcə də ehtiyac olan zaman rəhbərliyə müraciət edə biləcəklərini dərk edərək üzərlərinə düşən məsuliyyəti daha da artırmağın və əsas qüvvənin elmə yönəldilməsinin vacibliyini dərindən anladılar ki, bu da gələcəkdə daha yaxşı və səmərəli işləmələri üçün onlarda böyük zəmin yaratdı.