Coğrafiya İnstitutunun Qadınlar Şurası, Həmkarlar Təşkilatı və Gənc Alim və Mütəxəssislər Şurasının Beynəlxalq Qızlar Gününə həsr olunmuş birgə yığıncağı keçirilib. Tədbirdə Bakı Qızlar Universitetinin Coğrafiya fakültəsinin tələbələri də iştirak edib.
Qadınlar Şurasının sədri Luiza Salayeva tədbiri açaraq Beynəlxalq Qızlar Günü keçirilməsinin mahiyyəti haqqında danışıb. O bildirib ki, bu günün keçirilməsində əsas məqsəd diqqəti qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına, müxtəlif növ ayrı-seçkilikdən və baxımsızlıqdan əziyyət çəkən qızlara yönəltməkdir. Birləşmiş Millətlər Təşkilatının məlumatına əsasən bu gün dünyada gələcəyin potensial anaları olan bir milyarddan artıq qız yaşayır. Lakin onlar bu gün də dünyanın istənilən nöqtəsində ayrı-seçkiliyə və təzyiqlərə məruz qalırlar.
HİK sədri, c.ü.f.d. Habil Haqverdiyev çıxış edərək böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin 1901-ci ildə ilk dəfə olaraq müsəlman Şərqində dünyəvi qızlar məktəbini yaratdığını yada salıb. O bildirib ki, yüz il əvvəl yaradılan Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkədə hər iki cinsin bərabər seçki hüququ qanunla təsbit edildi, bununla da Azərbaycan Şərqdə qadınlara seçki hüququ verən ilk ölkə oldu. Bu gün də gənclər siyasəti ölkəmizdə uğurla davam etdirilir.
Gənc Alim və Mütəxəssislər Şurasının sədri, c.ü.f.d. Samirə Ələkbərova tələbələrin elm, təhsil səviyyəsinin artırılması, cəmiyyət üçün savadlı kadrlar yetişdirilməsinin vacibliyindən danışıb. Şura sədri 2018-ci il üçün statistik məlumatları səsləndirərək, İnstitut üzrə 35 yaşadək və elmi dərəcəsi olan əməkdaşların böyük əksəriyyətini qızlar təşkil etdiyini bildirib.
Sonra Demoqrafiya və əhali şöbəsinin baş elmi işçisi, c.ü.f.d. Etibar Bədəlov “Azərbaycanda demoqrafiq proseslərin formalaşmasında qadın problemi” mövzusunda çıxış edib. Geniş məzmunlu, əhatəli çıxışında məruzəçi respublikada qızları əhatə edən problemlərdən danışıb, erkən və qanunsuz nikahlar, abortların artması, boşanmalar, uşaq ölümü və s, sayını və artma səbəblərini açıqlayıb.
Tibbi coğrafiya şöbəsinin aparıcı elmi işçisi, c.ü.f.d. Solmaz Rzayeva “Əsrin bəlası olan QİÇS və HİV xəstəliklərinə qarşı mübarizə” mövzusunda məruzə edib, bəşəriyyətin bəlasına çevrilən QİÇS xəstəliyinin bütün dünyada olduğu kimi, artıq Azərbaycanda da geniş yayıldığını diqqətə çatdırıb. Çıxışçı qeyd edib ki, 1988-ci ildən etibarən dekabrın 1-i Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Ümumdünya QİÇS-lə Mübarizə Günü elan edilib.
İnstitutun elmi katibi, c.ü.f.d., dosent Zərnurə Həmidova, baş elmi işçi, c.ü.f.d. Tahirə Salmanova və Bakı Qızlar Universitetinin tələbəsi Lamiyə Qasımova çıxış edərək mövzu ətrafında fikirlərini bildiriblər.