2018-ci il, iyun ayının 23-24-də AMEA akad.H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun bir qrup əməkdaşı direktor, akademik R.Məmmədovun rəhbərliyi ilə Neftçala və Salyan rayonlarında ezamiyyətdə olmuşlar. İnstitutun elmi işlər üzrə direktor müavini, dosent M.Həsənov. aparıcı elmi işçilər, coğrafiya üzrə fəlsəfə doktorları - Mirhuh İsmayılov, Müseyib Yunusov və Elxan Məmmmədbəyov, böyük elmi işçi, c.ü.f.d. Mətləb Rəhimov, elmi işçi Emil Cəbrayılov ekspedisiyada iştirak etmişlər.
Alimlərimiz ekspedisiya zamanı dron çəkilişlərini sınaqdan çıxarmaq məqsədilə özləri ilə AMEA-nın Yüksək Texnologiyalar Parkından pilotsuz uçan aparat götürmüşlər. Elmi-tədqiqat işində əsas məqsəd dron müşahidələrindən istifadə etməklə Kür çayının Neftçala rayonu ərazisindən keçən hissəsində, habelə Xəzərin sahil zonasında tədqiqat aparmaq, mövcud vəziyyətin məsafədən zondlama üsulu ilə foto şəkillərini çəkmək, gələcəkdə, kameral şəraitdə həmin şəkilləri əvvəlki fotoşəkillər və iri miqyaslı xəritələrlə müqayisə edib sahil zonasında və Kür deltasında baş vermiş dəyişikliklərin əsas tendensiyasını aşkar etmək olub.
Dron uçuşları quruda, Kürün sahili ilə uzanan bəndin üzərində aparılmış, eyni zamanda həmin ərazidə ilkin landşaft tədqiqatları aparılaraq xeyli faktik material əldə edilmişdir. İlkin olaraq belə bir nəticə əldə edilmişdir ki, son bir neçə il ərzində Kürün sahillərində, çayın mənsəbindəki deltada, çay vasitəsilə ərazidən ayrılmış adalarda xeyli dəyişikliklər baş vermişdir. Eyni zamanda çayın yaratdığı adalar da təbii landşaft antropogen dəyişikliklərə daha az məruz qalmışdır.
Mütəxəssislər eyni zamanda Bankə qəsəbəsindən Kürün Xəzərə töküldüyü yerə qədər 20 km-lik məsafəni qayıqla keçmiş, orada da drondan istifadə etməklə təqribən 500-ə qədər şəkil çəkmişlər. Bu faktik müşahidələrlə Kürün yatağında baş vermiş dəyişikliklər də alimlərin diqqətini cəlb etmişdir. Burada ilkin nəticə olaraq qeyd etmək lazımdır ki, Kürün mənsəbində çay yatağının təmizlənməsi (dərinləşdirilməsi) işi davam etdirilməlidir ki, gələcəkdə çay daşqınlarının zəiflədilməsinə şərait yaradılsın.
İnstitutun mütəxəssisləri gələcəkdə də AMEA YTP-nın imkanlarından daha çox istifadə etməklə bu tip tədqiqatların aparılmasını planlaşdırırlar.