AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının iyunun 7-də keçirilən növbəti iclasında akademik Ramiz Məmmədov yenicə nəşr olunmuş “Landşaft planlaşdırılması: mahiyyəti və tətbiqi” adlı kitabının təqdimatı ilə çıxış edib.
Akademik Landşaft planlaşdırılmasının mahiyyəti və tətbiqi haqqında məlumat verərək bildirib ki, davamlı inkişaf bir anlayış və imperativ kimi beynəlxalq aləmdə artıq qəbul edilmiş, təbiət və ətraf mühitin qorunmasına iqtisadiyyatla bir sırada, eyni dərəcədə vacib məqsəd kimi baxılır. Ona görə də bir çox dövlətlərdə ərazi inkişafının daimi təmin olunmasına yönələn, elmi tədqiqatlara əsaslanan həlli yollarının axtarışı siyasət və idarəçiliyin əsas məsələləri hesab olunur. Məruzəçi təbiəti mühafizə sahəsində Azərbaycanın yaxşı qanunçuluq bazasına malik olduğunu, lakin bu qanunların effektiv həyata keçirilmə mexanizminin olmadığını vurğulayıb, qeyd edib ki belə mexanizmlərdən biri artıq Avropa İttifaqında çoxdan istifadə olunan landşaft planlaşdırılmasıdır (LP).
Müəllif kitabında LP-nın mahiyyətini açıqlayır, onun torpağı sağlam saxlamaq, fiziki və bioloji mühitini mühafizə etmək məqsədi ilə istifadəsi üçün tövsiyələrin hazırlanmasına sistemli yanaşmanın vacib olduğunu göstərir. Daha sonra burada LP-nin nəyi öyrəndiyi və hansı fəaliyyət növlərində faydalı ola biləcəyi araşdırılır, məqsədləri və metodları verilir, qarşıya qoyulan konkret vəzifələr müəyyənləşdirilir.
LP-yə aid metodik tövsiyələr işlənir, onun mərhələləri verilir, mühafizə və inkişaf məqsədi üçün ayrılmış ərazi xəritələrinin hazırlanma texnologiyası verilir. Son nəticədə ərazinin inteqrasiya olunmuş tədbirlər siyahısı və ünvan sahibləri göstərilir, onların xəritələri hazırlanır.
R.Məmmədov 6 bölümdən, 290 səhifədən ibarət kitabın ərazi idarəçiliyi, təbiəti mühafizə ilə məşğul olan mütəxəssislər, elmi işçilər, universitet müəllimləri və tələbələr üçün nəzərdə tutulduğunu diqqətə çatdırıb.