Coğrafiya İnstitutunun əməkdaşları Emil Cəbrayılov və Nicat İmanverdiyev turizm potensialı olan ərazilərinin tədqiqi məqsədilə 17-21 aprel 2015-ci il tarixlərində Lənkəran-Astara iqtisadi-coğrafi rayonunda ezamiyyətdə olmuşlar.
Ərçivan qəsəbəsindəki “Yanar bulaq”, 1806-cı ilə aid “Kərbəlayi Həmid Abdulla hamamı” və Ərçivan çayında olan tədqiqatçılar Lovayın kəndi yaxınlığındakı Lovayın su anbarının vəziyyəti ilə maraqlanmış, Astara şəhərindən 40 km qərbdə yerləşən Sım kəndinə getmişlər. Yol boyunca yerləşən Deqadi, Ojakənar, Burzubənd, Noyabud, Vənəşikəş, Sipiyəpart, Lomin, Vovada və Pəlikəş kəndlərində olmuş, bu ərazilərin tarixi və təbiət abidələri haqqında xeyli sayda məlumat toplamış, video və fotoşəkillər hazırlamışlar. (Onu da qeyd etmək lazımdır ki, tədqiqatçılar yolun əksər hissəsini piyada qət etmiş, həmin əraziləri qarış-qarış gəzmişlər).
Bu kəndlərdən keçən avtomobil yolu 2012-2014-cü illər ərzində hissə-hissə yenidən qurularaq asfaltlaşdırılmışdır. Kəndlərdə əsasən rütubətli subtropik zonaya uyğun müvafiq kənd təsərrüfatı məhsulları becərilir. Nisbətən aşağı kəndlərdə limon, mandarin, çay və s. kimi bitkilər becərildiyi halda, hündürlüyü nisbətən çox olan kəndlərdə əhalinin əsas məşğuliyyəti tərəvəzçilik, arıçılıq, maldarıq və qoyunçuluqdur. Kəndlərin əhalisi əsasən talışlardan ibarətdir.
Gənc alimlər Astara rayonun İran İslam Respublikası ilə sərhəddə yerləşən ucqar Sım kəndində sakinlərlə görüşlər keçirmişlər. Kənddə yaşayan tarix müəllimlərinin sözlərinə görə kəndin ərazisində erkən orta əsrlər dövründə (3-10 yüzilliklər) şəhər tipli yaşayış məskəni olmuşdur. Bu ərazilərdən karvan yolları keçərək Ərdəbilə doğru uzanarmış. İstər şimaldan cənuba, istərsə də şərqdən qərbə istiqamətdə yolların burada kəsişməsi, kəndin ətrafında olan 12 qədim qəbirstanlıq qalıqları, daşlar üzəridəki nişanələr bu kəndin qədim insan məskənləri olmasını, hətta bu ərazilərin mərkəz rolunu oynamasını göstərir. Kəndin ərazisində qədim su dəyirmanlarının qalıqlarına da rast gəlinir.
Sım sözünün mənası bir neçə mənada izah olunur. Kəndin adının Əbülqasım Firdovsinin rəvayətlərindəki Sam nəslinin adından götürülə bilər. Talış dilində “sığ” sözü daşlıq mənasındadır. Kənddə olan daş və qayalıqlar bu ehtimalı daha vacib edir. “Sim” sözü talış dilindən tərcümədə “toxam” mənasında da işlədilir. Kəndin adının bu sözlə də bağlı olması ehtimal olunur.
Kəndin coğrafi mövqeyi təbii qalanı xatırladır. Demək olar ki, üç tərəfdən Talış silsilə dağlarları ilə əhatə olunmuşdur. Kəndin ərazisindən Sım çayı axır. Bundan başqa kənddə 50-dən artıq bulaq vardır. Kəndin yaxınlığında olan Şirhal (hal-qaya deməkdir) şəlaləsinin hündürlüyü təqribən 25 m-dir. Digər şəlalənin hündürlüyü isə 30 m-ə qədərdir.
Kəndin şimal tərəfində qayalıqda kiçik mağara şəklində “Buzxana” deyilən ərazi vardır. Bu yerin maraqlı cəhəti odur ki, mağaranın içində temperatur olduqca aşağıdır. Kəndlilərin ehtimalına görə, burada mağaranın belə soyuq olması daşların altından soyuq bulağın keçməsidir.
Sım kəndindən 6-7 km. cənub-qərbdə yüksək dağ zirvəsində, İran İslam Respublikası ilə sərhəddə dəniz səviyyəsindən 1828 m. yüksəklikdə ucalan, orta əsrlər dövrünə aid Sindan qalası yerləşir. Qala Şindan dağının zirvəsində bir hektara qədər sahəni tutur. VI-VII əsrlərdən XVII əsrə qədər istifadə edildiyi ehtimal olunan bu təbii qalanın divarları yarımdairəvi bürclərlə möhkəmləndirilmişdir. Kəndin əhalisinin əsas məşğuliyyəti maldarlıq, qoyunçuluq, arıçılıq və əkinçilikdir.
Qədim və zəngin mədəniyyətimizi özündə yaşadan Sım kəndi hələ də tam araşdırılmamışdır.