AMEA-nın Yer Elmləri Bölməsi 2024-cü ildəki fəaliyyətinə dair hesabat verib 2025-01-28 14:04:00 / MÜHÜM HADİSƏLƏR

AMEA-nın Rəyasət Heyətinin növbəti iclasında Yer Elmləri Bölməsinin 2024-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı dinlənilib.

Hesabatı təqdim edən AMEA-nın Yer Elmləri Bölməsinin Elmi şurasının sədr müavini akademik Fəxrəddin Qədirov bildirib ki, ötən il bölmənin müəssisələrində aparılan tədqiqatlar əsasən, “Yaşıl dünya naminə həmrəylik ili”, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”, “AR işğaldan azad edilmiş ərazilərin 2021-2026-cı illər üzrə bərpası və dayanıqlı inkişafı Dövlət Proqramı”, “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”, “Kənd təsərrüfatının inkişaf etdirilməsi üzrə  Dövlət Proqramı”, “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020-2024-cü illər üçün Dövlət Proqramı”, AMEA Ümumi Yığıncağının və Rəyasət Heyətinin aidiyyəti qərarlarının icrasına istiqamətlənib.

Akademik Fəxrəddin Qədirov qeyd edib ki, 2024-cü ildə AMEA-nın Yer Elmləri Bölməsinin əhatə dairəsində olan elmi müəssisələrdə 14 problemi əhatə edən 44 mövzu, 51 elmi tədqiqat işi, 20 mərhələ üzrə elmi tədqiqatlar yerinə yetirilmiş, 3 mövzu, 9 elmi-tədqiqat işi başa çatdırılmışdır. Hesabat ilində YEB-in əhatə dairəsində olan elmi müəssisələrdə 13 mühüm nəticə alınmış, təsərrüfat müqaviləsi əsasında 110 elmi-tətbiqi iş yerinə yetirilmişdir. 

Məruzədə, o cümlədən “Yaşıl dünya naminə həmrəylik ili” və COP29 çərçivəsində bölmənin təşkilatçılığı ilə keçirilmiş “Azərbaycanda müasir iqlim dəyişmələrinin təbii komplekslərə və təsərrüfat sisteminə təsiri”, “Yaşıl enerji və süni intellekt”, eləcə də bölmənin alimlərinin COP29 tədbirləri - “Uzunmüddətli istixana qazı emissiyalarının təsirlərin inkişaf strategiyaları vasitəsilə yumşaldılması və uyğunlaşması” panel iclası, “Xəzər dənizi hövzəsi: risklərin qiymətləndirilməsi və aradan qaldırılması” mövzusunda dəyirmi masa, “İqlim dəyişikliyi fonunda Xəzər dənizində su səviyyəsinin azalması” mövzusunda görüş və “İqlim dəyişikliyi ilə mübarizədə kosmik çağıırışlar” mövzusunda müzakirələrdə iştirakı barədə məlumat verilib.

Məruzəçi qeyd edib ki, beynəlxalq Scimago elmi reytinqində müvafiq göstəricilərə əsasən, Azərbaycanın geofizika elmi 2023-cü ilin yekunlarına görə 200-ə yaxın ölkə arasında 41-ci, geomühəndislik elmi 46-cı, geologiya elmi 52-ci mövqedədirlər. Alim vurğulayıb ki, ABŞ-ın Stenford Universitetinin dünyanın ən böyük akademik nəşriyyatı olan “Elsevier” şirkətinin “Scopus” bazasının bir il əvvəlki məlumatları əsasında tərtib etdiyi və 2024-cü ilin 17 sentyabr tarixində dərc edilmiş World's Top 2% Scientists - dünyanın ən nüfuzlu alimlərinin reytinq siyahısına AMEA-nın müxbir üzvü Bağır Süleymanov və bölmənin əhatə dairəsinə daxil olan “Neftqazelmitədqiqatlayihə” İnstitutunun “Analitik tədqiqatlar” laboratoriyasının müdiri texnika elmləri üzrə fəlsəfə doktoru Elçin Vəliyev daxil ediliblər.

Bölmənin elmi müəssisələrinin nəşr fəaliyyəti barədə məlumat verən akademik Fəxrəddin Qədirov hesabat ilində Yer Elmləri Bölməsinin əhatə dairəsində olan elmi müəssisələrdə 11 monoqrafiya (2-si xaricdə), 41 kitab (11-i xaricdə) və 22 dərslik, 368 məqalə (161-i xaricdə), 123 tezisin (65-i xaricdə) nəşr edildiyini, onlardan 93-ü “Web of Science” və “Scopus” bazasında olan impakt faktorlu jurnallarda işıq üzü gördüyünü diqqətə çatdırıb. F.Qədirov hesabat ilində Yer Elmləri Bölməsinin alimlərinin birgə iştirakı ilə “Pliosen Karbohidrogen Sedimentary Series of Azerbaijan” adlı monoqrafiyanın Almaniyada, “Springer” nəşriyyatında (ingilis dilində) çapdan çıxdığını diqqətə çatdırıb.

O, həmçinin bölmənin kadr potensialı və kadr hazırlığı, elm və təhsilin inteqrasiyasının gücləndirilməsi, elmin populyarlaşdırılması istiqamətində atılan addımlar, bölmənin elmi jurnalları, beynəlxalq əməkdaşlıq, qrantlar və təltiflər, elektron elmin vəziyyəti, Vikipediya Virtual Ensiklopediyasında, eləcə də müəssisələrin saytlarının və sosial şəbəkə hesablarının fəaliyyəti barədə məlumatları diqqətə çatdırıb.

Müzakirələrdən sonra AMEA Rəyasət Heyətinin qərarı ilə Yer Elmləri Bölməsinin 2024-cü ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı təsdiq edilib, əldə olunmuş mühüm nəticələrin AMEA-nın illik hesabatına daxil edilməsi qərara alınıb.

science.gov.az