AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru professor Zakir Eminovun elmi redaktorluğu ilə XIX əsrin məşhur səyyahı Hacı Zeynalabdin Şirvaninin “Səyahət bağları” adlı kitabı (II hissə, I cild) çapdan çıxıb.
Əsəri fars dilindən tərcümə edən akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun İran tarixi və iqtisadiyyatı şöbəsinin elmi işçisi Şahin Yəhyayevdir.
Dövrünün görkəmli şəxsiyyəti - səyyah, coğrafiyaşünas, ədib, filosof, mədəniyyət bilicisi H.Şirvani böyük nüfuza malik alim olub. Onun adı Qafqaz, Mərkəzi Asiya, İran, Türkiyə, ərəb ölkələri, Hindistan, İndoneziya və daha neçə-neçə ölkələrdə hörmətlə çəkilir, hakimlər, şahlar, sultanlar, elm adamları, din xadimləri onunla söhbət aparmaqdan, onun iştirak etdiyi məclislərin iştirakçısı olmaqdan qürur duyurdular. Çox zəngin elmi ədəbiyyatlardan xəbərdar olan azərbaycanlı səyyah-alim dövründə dünyanın məlum olan ərazilərinin coğrafiyası, tarixi, mədəniyyəti, görkəmli dövlət, elm, din xadimləri haqqında çox geniş məlumatlara malik idi. Şirvani Asiya, Avropa və Afrikanın qədim tarixə və mədəniyyətə, elmi potensiala malik olan ölkələrini gəzmiş, onlar haqqında zəngin məlumatlar toplamış, bu məlumatları elmi ədəbiyyatlarla daha da zəngin edərək qələmə almışdır.
Məşhur səyyahın qələminin məhsulu kimi üç böyük əsəri məlumdur: “Səyahət bağları” (“Riyaz əs-siyahət”), “Səyahət bağçaları” (“Hədayiq əs-siyahət”) və “Səyahət bustanı” (“Bustan əs-siyahət”).
Oxuculara təqdim edilən “Səyahət bağları” (“Riyaz əs-siyahət”) əsəri bu ad altında alimin yazdığı kitabın ikinci hissəsidir. Üç cilddə çap edilməsi nəzərdə tutulan kitabların birinci cildində Mərkəzi Asiya, Pakistan, Türkiyə haqqında səyahət qeydləri, düşüncələri, bu ərazilərin təbii-coğrafi şəraiti, əhalisi, etnoqrafiyası, tarixi, şəhərləri və kəndləri, görkəmli şəxsiyyətləri haqqında məlumatlar yer alır. Burada verilən bir çox məlumatlar Azərbaycan üçün ilk dəfədir ki, işıq üzü görür.
Nəşrin ərsəyə gəlməsində böyük zəhmət və zaman sərf etmiş prof. Z.Eminovun əməyi danılmazdır. Şübhəsiz ki, yazılmasından iki əsr sonra səyyahın ana dilində çap edilən əsərləri oxucular üçün maraqlı olacaq.