2012-ci ildə ARDNŞ-in nəzdində olan Elm Fondu tərəfindən elmi tədqiqatlara dəstək kimi ayrılmiş grant layihəsinə uyğun olaraq, AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda "Abşeron yarımadasında neftlə çirklənmiş landşaftların ekogeokimyəvi xüsusiyyətləri və onların yaxşılaşdırılması yolları" mövzusunda iş başa çatmışdır.
Tarixi faktların təsdiq etdiyi kimi, Abşeron yarımadasında neft və gaz istehsalı sənayesinin çoxillik inkişafı onun ətraf mühitə təsirinin nəzərə alınmaması şəraitində həyata keçirilib.
Bu, ətraf mühitin, təbii landşaftların özünübərpa prosesinin pozulmasına, onların bir sıra inqrediyentlərlə çirklənməsinə səbəb olub. Məhz buna görə də bu iş özünün aktuallığı ilə seçılır və böyük maraq kəsb edir.
Landşaftları ən çox neftə çirklənmiş Abşeron yarımadasının Balaxanı, Sabunçu, Ramana əraziləri pilot sahəsi kimi seçilmişdir. Coğrafiya İnstitutunun əməkdaşları layihə çərçivəsində həmin ərazilərə bir çox ekspedisiyalar təşkil etmiş, oradan zəngin materiallar toplamışlar.
Sahə xəritələşdirilməsi nəticəsində, bir neçə xəritə GİS texnologiyaları vasitəsilə tərtib olunub: ərazinin müasir landşaftlarının 1:100 000 miqyaslı dəqiq xəritəsi və ilk dəfə Abşeron yarımadasının ümumi geokimyəvi-landşaft xəritəsi ilə (miqyas 1:100 000) Balaxanı-Sabunçu-Ramana ərazisinin geokimyəvi-landşaft xəritəsi (miqyas 1:10 000) tərtib olunmuşdur.
Bununla belə, ilk dəfə Abşeron yarımadasında 24 müxtəlif ərazidən götürülmüş torpaq, su, bitki, ana dağ süxurları və dib çöküntülərinin mikroelement tərkibi analiz olunmuş və nəticələrinin məlumat bazası yaradılmışdır. Onların əsasında elementlərin konsentrasiya klarkları, bitkilər üçün isə, biolojı udulma əmsalı hesablanmışdır. Hesablamalar nəticəsində hər bir konkret sahə üzrə defisit, ya da izafi olan elementlər təyin olmuşdur.
Regionda müasir ekolojı vəziyyəti təyin etmək, mövcud problemləri müəyyən etmək, onları aradan qaldırmaq və tədbirlər hazırlamaq üçün bu işin nəticələrinin böyük əhəmiyyəti vardır.