Urmiya gölü niyə quruyur 2014-02-10 16:54:00 / TƏDBİRLƏR

Urmiya gölünün hazırki vəziyyətilə əlaqədar ziyalılar, ictimai təşkilatların təmsilçiləri, ekspertlər, siyasi partiya rəhbərləri və s. iştirakı ilə  konfrans keçirilmişdir. Bura  həmçinin Skype vasitəsi ilə dünyanın bir çox ölkələrindən Urmiya gölü üzrə mütəxəssislər qatılmışlar.

Foruma cəlb olanlar mövcud problemin aradan qaldırılması üçün onun həlli yollarını  müzakirə etmiş, fikir mübadiləsi aparmışlar.

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun director əvəzi, AMEA-nın müxbir üzvü, professor Ramiz Məmmədov  gölün qurumasının əsas səbəbini antropogen amillərdə - insan amilində görür: “Suyun səviyyəsinin azalmasının bir səbəbi təbii amillərlə - yəni, gölə tökülən çayların miqdarının, səthə düşən yağıntının miqdarının azalması, səthdən isə buxarlanmanın çoxalması ilə əlaqədardırsa, başlıca amil insan fəaliyyəti ilə  bağlıdır. Belə ki, gölə axan çayların üzərində müxtəlif dambalar, barajlar, su ayrıcıları tikilib ki, onlardan kənd təsərrüfatında istifadə edilir. Buna görə də həmən çaylar əvvəlki qədər su vermir. Digər tərəfdən, ətrafda yerləşən kənd təsərrüfatı ərazilərində on minlərlə quyu gazılıb ki,  bunlar vasitəsilə də  sular sovrulub kənd təsərrüfatında istifadə olunur. Həmən bu iki amil nəticəsində gölun səviyyəsi azalmışdır”.

R.Məmmədovun fikrincə, insan faktorunu gölün qurumasından kənarlaşdırmaq və gölü xilas etmək üçün ilk əvvəl  proqram tərtib etmək və ona uyqun hərəkət etmək lazımdır. Məsələn, ətraf yaşayış ərazilərdə kənd təsərrüfatının növünü dəyişmək olar. Yəni sudan az istifadə olunan təsərrüfat növü seçilməli (məs.pambıqçılıq), yeni texnologiyalar tətbiq edilməli, qabaqlayıcı ekolojı tədbirlər görülməlidir. Ümumi kompleks tədbirlər sayəsində müəyyən nəticə əldə etmək olar.

Bununla yanaşı, Araz çayından və Xəzərdən Urmiyaya su çəkilməsi məsələsi də gündəlikdədir. “Arazın suyunun Urmiyaya aparılması üçün ciddi relyef çətinlikləri var. Suyun Urmiyaya gedib çatıb-çatmayacağı da məlum deyil. Eyni zamanda, Arazın suyunun Urmiyaya aparılmasına İranın Ərdəbil regionunda yaşayan insanlar narazıdır. Çünki bu region Arazın suyundan istifadə edir. Eləcə də  transsərhəd çaylarının istiqamətini dəyişmək üçün çayın sahilindəki ölkələrin də razılığı olmalıdır. Maliyyə imkan verərsə, Xəzər dənizindən suyun aparılması da məqbul sayıla bilər, çünki  nəticədə bu, Xəzərə elə təsir göstərməz.”, - deyə ekspert qeyd etmişdir. 

    Copyright © AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2019