Coğrafiya İnstitutunun baş direktoru professor elmi adına layiq görülüb 2023-10-09 14:20:00 / MÜHÜM HADİSƏLƏR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru, Dövlət Mükafatı Laureatı, coğrafiya elmləri doktoru  Zakir Eminov professor elmi adına layiq görülüb.

1991-ci ildə Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirən Z.Eminov AMEA Coğrafiya İnstitutuna göndərilib. Burada baş laborant kimi işə başlayan  məzun baş direktor vəzifəsinədək yüksəlib.

Demoqrafiya sahəsində tanınmış alim Azərbaycan Respublikasında və keçid dövründə olan digər ölkələrdə əhalinin sosial-demoqrafik vəziyyəti, əmək ehtiyatlarından istifadə edilməsi, yaşayış məntəqələrinin inkişafı, aparılan iqtisadi islahatlar, onların bu proseslərə təsiri məsələlərini tədqiqi ilə məşğuldur. Azərbaycanda əhalinin məskunlaşmasının iqtisadi və sosial-demoqrafik problemlərinə dair 100-dən yuxarı elmi məqalə və tezisin müəllifidir. Elmi əsərləri ABŞ, Böyük Britaniya, Rusiya Federasiyası, Ukrayna, Özbəkistan, Qazaxıstan. Bolqarıstan, Rumıniya və s. ölkələrdə çap edilib. Alim 2012-ci ildə “Azərbaycanda əmək ehtiyatlarının formalaşmasının demoqrafik problemləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

Z.N.Eminov 100-dən artıq elmi məqalənin, 15 kitabın müəllifidir. “Azərbaycan Respublikası Milli Atlasının” hazırlanmasında yaxından iştirak edən Z.N.Eminov 17-dək xəritənin müəllifi, respublikada iqtisadi, sosial və demoqrafik məzmunlu xəritələrin tərtibçilərindən biridir. Coğrafiyanın tədrisi və geniş oxucu kütləsi arasında təbliği üçün xeyli işlər görüb, böyük həcmli kitablar və dərs vəsaitləri hazırlayıb. O həmçinin ikicildlik “Coğrasfiya ensiklopediyası”nın həmmüəllifidir.

Z.Eminov 2015-ci ildə “Azərbaycan Respublikasının coğrafiyası” üçcildliyinə görə Dövlət Mükafatına layiq görülən alimlərdən biridir. 5 fəlsəfə doktoru üzrə dissertantın, 5 doktorantın elmi rəhbəridir. İndiyədək onun rəhbərliyi ilə 6 nəfər coğrafiya üzrə fəlsəfə doktoru dissertasiyasını müdafiə edib.

 

Coğrafiya İnstitutunun kollektivi Zakir müəllimi ürəkdən təbrik edir, ona can sağlığı, gələcək elmi və elmi-təşkilati fəaliyyətində yeni-yeni uğurlar arzulayır.