AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun 2022-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunları haqqında hesabatı dinlənilib.
İlk öncə dünyasını dəyişmiş coğrafiyaçı alimlər – elmlər doktorları Rəna Qaşqay və Telman Tatarayevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İclasın sədri, akademik Fəxrəddin Qədirov gündəlikdə duran məsələni elan etdikdən sonra məruzə üçün sözü İnstitutun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminova verib.
İnstitut rəhbəri AR Prezidentinin, Nazirlər Kabinetinin müvafiq fərman, qərar və sərəncamları, eləcə də dövlət proqramlarının icrası ilə əlaqədar tapşırılmış işlərin yerinə yetirilməsi istiqamətində İnstitutun gördüyü işlər, eləcə də AMEA Rəyasət Heyəti tərəfindən verilmiş qərarların, nəzərdə tutulmuş tədbirlərin icrası barədə danışıb. O bildirib ki, 2022-ci ildə İnstitut əməkdaşları öz elmi fəaliyyətlərini Azərbaycan Respublikası ərazisində qlobal iqlim dəyişmələrinin yaratdığı ekstremal halların ətraf mühitə və sosial-iqtisadi şəraitə təsirinin qiymətləndirilməsi və adaptasiya təkliflərinin hazırlanması və Xəzər dənizi ekosisteminin kompleks tədqiqi olaraq 2 problem əsasında aparıblar.
2022-ci ildə İnstitutun elmi-tədqiqat planına müvafiq olaraq əməkdaşlar tərəfindən yerinə yetirilən 15 mövzu, 17 iş və 18 mərhələdən cari ilin sonunda 1 mövzu, 4 iş və 17 mərhələ başa çatdırılıb.
Cari ildə Coğrafiya İnstitutunda 2 jurnal, 15 monoqrafiya, 7 kitab, 2 dərslik, 2 dərs vəsaiti və 1 fənn proqramı,175 məqalə (12-i Web of Science və 2-i Scopus elmi bazalarında indeksləşən jurnallara daxildir) və 21 tezis (13 xarici, 8 yerli) nəşr edilib.
İnstitutun Qrant layihələri və beynəlxalq əlaqələrindən danışan Z.Eminov hesabat ilində 6 layihə üzrə elmi-tədqiqat işinin aparıldığını, 3 xarici ölkə müəssisəsi ilə əməkdaşlıq memorandumunun imzalandığını qeyd edib.
Baş direktor həmçinin elmi kadr hazırlığından danışarkən bu il Coğrafiya İnstitutu nəzdində fəaliyyət göstərən Müdafiə Şurasında 10 nəfərin coğrafiya üzrə fəlsəfə doktoru, 3 nəfərin coğrafiya elmləri doktoru elmi dərəcəsi almaq üçün müdafiə etdiyini, fəlsəfə doktoru hazırlığı üzrə 7 nəfərin doktoranturaya,1 nəfərin dissertanturaya, elmlər doktoru hazırlığı üzrə 3 nəfərin dissertanturaya qəbul edildiyini diqqətə çatdırıb. Bildirilib ki, hazırda İnstitutda 10 nəfər elmlər doktoru, 12 nəfər fəlsəfə doktoru hazırlığı üzrə dissertanturada təhsil alır, 26 nəfər fəlsəfə doktoru hazırlığı üzrə doktorantdır.
Z.Eminov həmçinin alınmış mühüm nəticələr, elmlə təhsilin qarşılıqlı əlaqəsi, ezamiyyətlər, ekspedisiyalar və çöl tədqiqat işləri, elektron elmin vəziyyəti, konfranslar, sessiyalar, seminarlar, yubileylər və digər görülmüş işlər barədə məlumat verib.
Sonra məruzə ətrafında müzakirələr aparılıb.
BDU-nun prorektoru, professor Fərda İmanov, Akademik Qərb Məmmədov, BDU-nun kafedra müdiri, professor Şövqi Göyçaylı, Geologiya və Geofizika İnstitutunun baş direktoru, akademik Akif Əlizadə, Coğrafiya İnstitutunun əməkdaşları – şöbə müdirləri, professor Rza Mahmudov və dosent Ənvər Əliyev, aparıcı elmi işçi, dosent Cüma Məmmədov çıxış edərək Coğrafiya İnstitutunun ənənələrindən, məktəb qoyub getmiş alimlərin irsinin davam etdirilməsinin vacibliyindən, əldə edilən uğurlardan və eləcə də bəzi çatışmazlıqlardan danışıblar. İqlim dəyişmələri, su ehtiyatları, Xəzərin səviyyə dəyişmələri, ekoloji problemlər, demoqrafiya məsələləri, bərpa olunan enerji, Qarabağın təbii sərvətləri və digər sahələrdə ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edən dəyərli elmi tədqiqatların aparılmasından və alınan mühüm nəticələrin iqtisadiyyata tətbiqinin əhəmiyyətindən söhbət açılıb.
Akademik A.Əlizadə çıxışında qeyd edib ki, müasir dövrdə aparılan tədqiqat işlərində informasiya texnologiyalarından istifadə etmədən yüksək nəticələr əldə etmək qeyri mümkündür. Azərbaycan elmini daha da müasirləşdirmək, dünya elmi səviyyəsinə çatdırmaq üçün prioritet istiqamətlərdə daha artıq çalışmaq lazımdır. Yalnız uyğun elmlərin təmasında böyük irəliləyiş əldə etmək olar.
Müzakirə və çıxışlardan sonra Coğrafiya İnstitutunun illik hesabatı sesvermə yolu ilə yekdilliklə qəbul edilib.