Coğrafiyaçı alimlərin Azərbaycanda ekosistem xidmətlərinə dair kitabı nəşr edilib 2022-09-16 18:35:00 / YENİ NƏŞRLƏR

Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları - coğrafiya üzrə fəlsəfə doktorları Rövşən Kərimov, Natəvan Cəfərova və Rövşən Abbasovun  (Xəzər Universitetinin departament rəhbəri) müəllifliyi ilə “Ecosystem Services in Azerbaijan: Value and Losses”  (“Azərbaycanda ekosistem xidmətləri: dəyərlər və itkilər”) adlı kitabı İsveçrənin nüfuzlu Springer nəşriyyatı tərəfindən nəşr edilib.

Kitabı yazmaqda müəlliflərin məqsədi  oxucuların diqqətini Azərbaycanın təbii sərvətlərinin azalmasına yönəltməkdir. Bildirilir ki, bir vaxtlar mövcud olan dəyərlərin bir hissəsi son 200 ildə təbiətə etinasız münasibət nəticəsində  itirilib.  Müəlliflər “qazanc” və “gəlir” anlayışlarını bir-birindən fərqləndirir və oxuculara göstərirlər ki, yalnız pul gəlirinə əsaslanan qısamüddətli nemətlər insanları və təbiətin özünü uzunmüddətli, davamlı dəyərdən məhrum edir. Kitabda oxuculara real tarixi məlumatlar verilir, insan və təbiətin qarşılıqlı əlaqəsi müzakirə olunur, antropogen fəaliyyətin Azərbaycanda təbii sərvətlər üzərində yaratdığı fəsadlar real məlumatlar və tendensiyalarla göstərilir. Araşdırmalar su, balıq, meşə, dağ və otlaq ekosistemlərini əhatə edir, çirklənmənin və ətraf mühitin deqradasiyasının digər formalarının bu resurslara vurduğu təsirlərə diqqət çəkir və resursların tükənməsinin insanların güzəranına təsirini göstərir.

Dörd fəsildən ibarət kitabda  Xəzər dənizi, onun dəyərləri, bu dəyərləri dəyişdirən  amillər haqqında ətraflı danışılır, Azərbaycanın dağ ekosistemləri, iqlim dəyişikliyi nəticəsində torpaqların deqradasiyası, su qıtlığı, ekstremal təbii təhlükələrin  yaratdığı nəticələr təhlil edilir, ölkənin su ehtiyatları, su qıtlığı, sudan səmərəli istifadə, suvarma infrastrukturu analiz edilir, ətraf mühitlə bağlı kütləvi köç hadisələri, insan-təbiət əlaqələri müzakirə olunur və s.

Kitab əsasən menecerlər, siyasətçilər, tələbələr və elm adamları üçün nəzərdə tutulub. O həmçinin təbiətşünaslar, tarixçilər və mədəniyyət işçiləri  üçün də maraqlı olacaq.

    Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2024