AMEA akademik H. Ə. Əliyev adına Coğrafiya İnstitutu “Qurunun hidrologiyası və su ehtiyatları” şöbəsinin müdiri, c.e.d., professor Rza Mahmudovun “apa” saytında “Azad olunmuş ərazilərdəki potensial respublikanın su ehtiyatını artıra bilər” adlı müsahibəsi dərc edilib.
Alimin sözlərinə görə ölkəmiz digər təbii ehtiyatlarla zəngin olduğu halda coğrafi mövqeyi ilə əlaqədar su ehtiyatı baxımından az təminatlı ölkələr sırasındadır və su ehtiyatlarının kəmiyyət və keyfiyyət göstəriciləri əsasən transsərhəd çay sularından asılıdır. Respublikamızın ərazisində su ehtiyatları qeyri-bərabər paylanılıb. Nisbətən su ilə təminatlı ərazilərimiz Şəki-Zaqatala, Lənkəran təbii vilayəti, Kiçik Qafqazın əraziləri hesab olunur. Hazırda su ehtiyatlarımız iqlim dəyişmələrinin təsiri ilə azalmağa doğru gedir.
İqlim dəyişmələrinin təsirindən 15-20%-dək çaylarda illik axımın azalması baş verir. Kürə çox sayda su nasosları qoyulub, çay məcralarından qum, daş, çınqıl çıxarılır və bunlar çayların axımına, məcranın deformasiyasına təsir edir. Çay sularından istifadə elmi əsaslarla tənzimlənməlidir.
1990-cı ilə qədər Qarabağın ərazisində ümumi çay su ehtiyatları 2,14 kub km olaraq hesablanmışdısa, hazırda bu rəqəm 1,93 kub km təşkil edir. Yəni Qarabağ ərazisindən axan çaylarda 10%-ə qədər azalma müşahidə edilir. Oradakı su ehtiyatı potensialı respublikanın su ehtiyatını 5-6% artıra bilər.
Alim həmçinin müsahibəsində Xəzər dənizində suyun səviyyəsinin azalması məsələsinə da aydınlıq gətirib.