AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda 20 Yanvar faciəsinin 32-ci ildönümü qeyd edilib.
Əvvəlcə torpaqlarımızın bütovlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İnstitutun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov Azərbaycan tarixində qara ləkə olan bu matəm gününü təkcə faciə kimi deyil, eyni zamanda, Azərbaycan xalqının qəhrəmanlıq, əyilməzlik, mütiliyə, zorakılığa qarşı barışmazlıq nümunəsinin nümayişi kimi qiymətləndirib. O bildirib ki, rus hərbi qüvvələrinin Azərbaycana yeridilməsi xalqı qorxuda və onu əqidəsindən dönməyə məcbur edə bilmədi. Xalqımız həmin günlərdə çoxlu sayda şəhid versə də igid oğul və qızlarımızın sarsılmaz iradəsi qırılmadı. Canını ölkəmizin bütövlüyü uğrunda qurban verən şəhidlərimizin ruhu indi şaddır. Şaddır ona görə ki, onların qanı nahaq axmayıb və onların mübarizəsinin nəticəsidir ki, Vətənimiz indi murdar düşmən tapdağından azaddır. 20 Yanvar şəhidlərinin digər şəhidlərimiz kimi Azərbaycan tarixində xüsusi rolu və yeri vardır. Onların uyuduğu Şəhidlər xiyabanın çoxdandır ki, ölkəmizə səfər edən yüksək təyinatlı şəxslər tərəfindən ziyarət edilməsi ənənə halını alıb.
Şəhidlərimizin qəhrəmanlıq nümunəsi, vətən sevgisi ilə böyüyən əsgərlərimizin rəşadəti, prezidentimiz - Ali Baş Komandan İlham Əliyevin gücü, bacarığı, uzaqgörənliyi, qətiyyəti, düşünülmüş siyasəti, hərbi taktikası sayəsində torpaqlarımız işğaldan azad oldu. Azərbaycan dünya ölkələri arasında layiqli yerini tutdu və iqtisadiyyatını inkişaf etdirərək sürətlə irəliləməkdədir.
Həmkarlar təşkilatının sədri, coğrafiya üzrə fəlsəfə doktoru Habil Haqverdiyev çıxış edərək 20 Yanvar hadisələrinin baş vermə səbəbləri, mahiyyəti və nəticələrindən söhbət açıb. Müasir dünyamızda baş verən siyasi hadisələri şərh edən natiq ərazi iddiasında olan, özlərindən zəif ölkələr üzərində hegemonluq etməyə çalışan qüvvətli ölkələrin siyasi oyunlarından, insanları müharibə, ölüm riski ilə üz-üzə qoymaqdan çəkinmədiklərini, onların gərginlik, qorxu içərisində yaşamalarına səbəb olduqlarını diqqətə çatdırıb.
Sonra Coğrafi fikir tarixi şöbəsinin böyük elmi işçisi, c.ü.f.d. Natiq Babayev söz alaraq bildirib ki, Azərbaycan televiziyasında işlədiyi vaxtlar şəxsən özü o müdhiş günlərin canlı şahidi olub. Onun sözlərinə görə televiziya binasına soxulan sovet qoşunlarının əsgərləri əliyalın dinc xalqı əzməkdən əvvəl yanvarın 19-u, saat 19.26 dəqiqədə o vaxt yeganə kanal olan Dövlət Televiziyasının enerji blokunu partlatdılar. Məqsəd isə xalqı məlumatsız qoymaq idi. Bununla da xalq informasiyasız qaldı, çünki qəzet və jurnalların da nəşri dayandırmışdı. İnsanlarımızın fiziki məhvi xalqımızın mənəvi ruhunu nəinki qıra bilmədi, əksinə daha da mətinləşdi, dirçəldi.
Tədbir Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin hazırladığı o qanlı günlərin xatirəsinə həsr olunmuş videofilmin nümayişi ilə başa çatıb.