AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda elmi-tədqiqat şöbələrinin 2021-ci il üzrə illik hesabatlarının müzakirəsi aparılır.
Növbəti müzakirədə “Qurunun hidrologiyası və su ehtiyatları” şöbəsinin illik hesabatı dinlənilib. Şöbə müdiri, c.e.d., prof. Rza Mahmudov cari il ərzində aparılan işlərdən danışarkən qeyd edib ki, təsdiq olunmuş plana müvafiq olaraq “Azərbaycanın su ehtiyatlarının müasir vəziyyəti, dağ çaylarının sülb axımının tədqiqi və hesablanma metodikasının işlənməsi” mövzusu üzrə iki iş – “Qarabağ ərazisinin və ehtiyatlarının qiymətləndirilməsi və onlardan səmərəli istifadə” və “Qarabağ ərazisində çayların sülb axımının yeni metodla tədqiqi” üzrə tədqiqatlar yerinə yetirilib.
Hər iki mövzunun müvafiq mərhələlərinə uyğun olaraq ərazi çaylarının işğaldan əvvəlki mövcud hidroloji, hidroqrafik müşahidə məlumatları təhlil edilib, tədqiqatların məlumat bazası yaradılıb. GİS texnologiyalarından - peyk, radar məlumatlarından istifadə etməklə CWBM və SWBM balans metodları işlənilib və bu metodların əsasında Qarabağ ərazi çaylarının müşahidəsi zamanı işğal dövrü üçün hidroloji sıralar bərpa edilib və su ehtiyatları qiymətləndirilib. Bu metodlara görə hesablanmış ərazinin su ehtiyatları 1.93 km3 təşkil edir. İqlim dəyişmələrinin çayların rejiminə, illik axımına təsiri göstərir ki, digər ərazi çaylarında olduğu kimi, Qarabağ ərazi çaylarında da 1998-2020-ci il dönəmində su ehtiyatları 9,8%, yəni əvvəlki dövrdə mövcud olan 2.14 km3-dən 1.93 km3-ə qədər azalmışdır.