AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları - aparıcı elmi işçiləri, c.e.d. professor Rza Mahmudov, c.ü.f.d. Ziyafət Ağayev və aspirant Mahmud Süleymanovun müştərək müəllif olduqları “Azərbaycanda regional iqlim dəyişmələri və onun hidrometeoroloji şəraitə təsiri” adlı məqalə Rusiyanın Sankt-Peterburq Ekoloji təhlükəsizlik Beynəlxalq Elmlər Akademiyasının "Xəbərlər" nəzəri və elmi-praktiki jurnalında dərc edilib.
Məqalədə elmi-tarixi və real hidrometeoroloji müşahidə məlumatlarına əsaslanmaqla dünya üzrə iqlim dəyişmələrinin xroniki elmi təhlili aparılır və Azərbaycan ərazisində regional iqlim dəyişmələrinin müasir təsirləri tədqiq edilir. Bu məqsədlə çoxsaylı hidrometeoroloji müşahidə məntəqələrinin çoxillik məlumatlarından istifadə etməklə Azərbaycan ərazisində müxtəlif yüksəklik intervalları və ayrı-ayrı təbii ərazi vahidləri üzrə real iqlim dəyişmələri və onun çayların axımına təsiri müqayisəli, statistik təhlil metodları ilə qiymətləndirilir.
2007-2020-ci illərdə Azərbaycan ərazisində orta çoxillik temperatur 1,10 artmışdır. Ən çox temperatur artımı ˃ 1000 m artıq yüksəkliklərdə (1,30 ən az isə ≤0 m-dən aşağı ərazilərdə, +0,8 0 C) müşahidə edilir. Çayların gursulu və daşqın dövrlərinin maksimal və illik axımında azalma müşahidə edilir.
Qeyd edək ki, həmin məqalə Gürcüstan Texniki Universitetinin “Ətraf mühitin mühafizəsinin müasir problemləri” adlı konfrans materiallarında da dərc edilib.