AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, coğrafiya elmləri doktoru, professor Rza Mahmudov İctimai Radionun canlı efirində dinləyicilərin suallarını cavablandırıb.
Alim iqlim dəyişmələri və onun regional təsirləri, həmçinin son zamanlar davamlı ekstremal istiləri doğuran səbəblər, iqlim dəyişmələrinə təsir edən təbii və antropogen amillər, iqlim və hava məfhumlarının fərqli coğrafi izahları, biomüxtəliflik, o cümlədən iqlimin məhsulu olan səth və yeraltı suların formalaşma xüsusiyyətləri, su çatışmazlığı, onun həlli imkanları və sairdən söhbət açıb, dinləyiciləri maraqlandıran sualları cavablandırıb.
R.Mahmudov müasir dövrdə qlobal iqlim dəyişmələri və onun insanlara, biomüxtəlifliyə, kənd təsərrüfatına, infrasturktur sahələrə vurduğu ziyanları, yaratdığı təbii fəlakətləri bəşəriyyətin üzləşdiyi ən böyük problemlərdən biri adlandırıb. Professor Azərbaycan ərazisi iqliminin də qlobal iqlim sisteminin tərkib hissəsi olduğunu və bu sistemdə baş verən proseslərin müxtəlif intensivliklə və müxtəlif zaman kəsiyində ölkənin iqlim şəraitinə təsir göstərdiyini qeyd edib. O bildirib ki, iqlim dəyişmələrinin tədqiqi, onun ətraf mühitə, o cümlədən çay, su ehtiyatlarına təsirinin öyrənilməsi Azərbaycan ərazisi və onun iqtisadiyyatı üçün vacib məsələyə çevrilmişdir. Azərbaycan ərazisində regional iqlim dəyişmələrinin təsirindən müxtəlif növ təbii fəlakətlərin baş verməsi mümkündür. Bunlar sel, daşqın, subasma, güclü külək, qasırğa, dolu-leysan hadisələrinin təsiri, Xəzər dənizinin səviyyə tərəddüdü, arid iqlim zonasında səhralaşma prosesi, meşə yanğınları, torpaqların eroziyası, şoranlaşma və s. proseslərdən yaranan təbii fəlakətlərdir.
Məişətdə, kənd təsərrüfatında, sənayedə sudan istifadə məsələlərinə toxunan hidroloq alim dinləyicilərə müasir dünya təcrübəsindən istifadə etməyin yollarından da danışıb.