Torpaq idarəçiliyinə dair elmi-praktik konfrans olub 2018-05-07 12:41:00 / KONFRANSLAR

Mayın 7-də AMEA ak. H.Ə.Əiyev ad. Coğrafiya İnstitutu və Əmlak Məsələləri Dövlət Komitəsinin  birgə təşkilatçılığı ilə Bakının “Four Seasons” hotelində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Bazar iqtisadiyyatı şəraitində torpaq idarəçiliyi: nailiyyətlər və müasir çağırışlar” mövzusunda elmi-praktik konfrans keçirilib.

Tədbirin keçirilməsində məqsəd ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə reallaşdırılan torpaq islahatları, bazar iqtisadiyyatı şəraitində ölkəmizdə torpaq idarəçiliyinin elmi-praktiki əsaslarının tədqiqi, respublikada kadastr uçot sisteminin modernləşdirilməsi, bu istiqamətdə təkliflərin hazırlanmasına dair müzakirələrin aparılmasıdır. Torpaq inzibatçılığı sahəsində həyata keçirilən işlərin daha da təkmilləşdirilməsi yönündə elm adamları ilə birgə fikir mübadiləsinin aparılması, torpaq idarəçiliyində elmi yanaşmaların praktiki fəaliyyətdə tətbiq edilməsinin rasional həll istiqamətlərinin axtarılması da konfransın əsas vəzifələrindən olub.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə tədbiri giriş sözü ilə açaraq konfransın aktuallığından danışıb. Bildirib ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu torpaq islahatlarının ən mühüm xüsusiyyəti onun ciddi elmi bazaya əsaslanması və bu sahədə ən son elmi nailiyyətlərin, yeniliklərin geniş tətbiqidir.

Sonra Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov sıxış edərək  ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə daşınmaz əmlak, o cümlədən torpaq idarəçiliyində həyata keçirilən uğurlu islahatlardan söz açıb.

Coğrafiya İnstitutunun direktor müavini, dosent Məhərrəm Həsənov akademik Ramiz Məmmədovla müştərək hazırladığı “Torpaqların səmərəli istifadəsində aqroiqlim ehtiyatlarının və relyefin nəzərə alınmasının zəruriliyi”  mövzusunda məruzə ilə çıxış edib.  M.Həsənov Azərbaycanın iqlim və relyef şəraitini nəzərə almaqla torpaq ehtiyatlarından daha səmərəli istifadə etməyin yolları haqqında məlumat verib. Son dövrlərin (1991-2014) meteoroloji  məlumatları əsasında  tərtib edilmiş “Azərbaycanda havanın orta illik temperaturu”  xəritəsi  nümayiş etdirən məruzəçi qeyd edib ki, bu dövr ərzində  respublikamızda havanın orta illik temperaturu normaya nisbətən  (1961-1990) 0,6-1,5 dərəcə yüksəlmişdir. Eyni zamanda atmosfer yağıntılarının miqdarında da azalma nəzərə çarpır.

Alim Siyəzən rayonunda havanın orta illik temperaturu fəal temperatur cəminin atmosfer yağıntılarının illik miqdarını əks etdirən iri miqyaslı xəritələri də nümayiş  etdirib  və bu materiallardan istifadə etməklə rayonun kənd təsərrüfatı infrastrukturunun yenidən qurulması, buradakı az yararlı torpaqlarda quru subtropik meyvəçiliyin inkişafının vacibliyini göstərib. Qeyd edib ki, iqlim, relyef və torpaq şəraiti daha diqqətlə öyrənilib qiymətləndirilərsə, respublikamızda bəzi kənd təsərrüfatı məhsullarının idxalını azaltmaq, ixracını isə artırmaq, bununla da əhalinin ərzaq təhlükəsizliyinə kömək etmək mümkündür.

Konfransda çıxış edən Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın kadastrı və Ünvan Reyestri Xidmətinin rəis müavini, professor Ramiz Quliyev,  coğrafiya üzrə elmlər doktorları Zakir Eminov və Nəriman Paşayev torpaqların səmərəli istifadəsində aqroiqlim ehtiyatlarının və relyefin nəzərə alınmasının zəruriliyi, Azərbaycanda torpaq ehtiyatlarından istifadənin müasir vəziyyəti, ölkədə aparılan torpaqların elektron kadastr uçotu və digər mövzularda məruzə və təqdimatlarla çıxış ediblər.

Tədbir çərçivəsində, həmçinin torpaq idarəçiliyi və kadastr sahəsində elmi-tədqiqat işləri aparan gənc alimlərin, doktorant və magistrantların ən yaxşı elmi işi üzrə açıq müsabiqə də elan olunub. Müsabiqənin şərtləri yaxın zamanlarda KİV-də açıqlanacaq.

Sonra mövzu ilə bağlı çıxışlar olub, məruzələr dinlənilib.

Copyright © AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2018