Coğrafiya İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd ediib 2018-04-20 18:06:00 / TƏDBİRLƏR

AMEA ak. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş yığıncaq keçirilib.

Millət vəkili Tahir Kərimli tədbirdə iştirak edib.

İnstitutun direktoru, akademik Ramiz Məmmədov ilk növbədə İlham Əliyevi yenidən Respublika Prezidenti seçilməsi münasibətilə kollektiv adından təbrik edib. Sonra o, Prezidentin 16 may 2017-ci il tarixli "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" Sərəncamına uyğun olaraq tariximizin şanlı səhifəsi olan  Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixinə işıq salıb.  Diqqətə çatdırıb ki, AXC 1920-ci ilin yanvarında müstəqil dövlət kimi tanınmasına nail olmuş, artıq 1919-cu ilin sonlarında 20-dən çox ölkə ilə diplomatik əlaqələr qurmuşdu. Genişmiqyaslı demokratik islahatlar həyata keçirən dövlət milli ordusunu yaratmış,  qadınlara seçib-seçilmək hüququ vermiş, maarif, səhiyyə, mədəniyyət sahəsində geniş tədbirlər həyata keçirmişdir. Akademik bildirib ki, Azərbaycan Demokratik Respublikası iki istiqamətdə - yaranma tarixi və müstəqillik illəri müstəvisindən baxılmalı və tədqiq edilməlidir.

“Ekocoğrafiya” şöbəsinin müdiri, a.ü.f.d., dosent Ənvər Əliyev “Tariximizin şanlı səhifəsi” mövzusunda  təqdimatla ətraflı çıxış edib. Diqqətə çatdırıb ki, bu tarixi hadisəni qeyd etmək və sonrakı nəsillərə çatdırmaq bizim mənəvi borcumuz, keçmişimizə hörmət əlamətidir. Məruzəçi tarixi faktlar və həmin dövr sənədlərinin nümayişi ilə Azərbaycan Cümhuriyyətinin  yarandığı mühitin əsas məqamlarını işıq salıb, həmin dövrdə Zaqafqaziya Seymi adlanan idarəçilik qurumunun üzvü olan respublikaların müstəqillik aktları və onların sonrakı fəaliyyətinə aydınlıq gətirib. Respublika  tarixinin ən şərəfli bir hadisəsinin əldə olunmasında əməyi olan Azərbaycanın fədakar oğulları  və onların ictimai-siyasi fəaliyyətləri barədə geniş məlumat verən məruzəçi tarixi faktlara əsaslanaraq, həmin dövrdə respublika ərazisində erməni daşnaqlarının azərbaycanlılara qarşı törətdikləri  soyqırım və vəhşilikləri önəmə çəkib, ərazilərimizin  təmizlənməsində  türk ordusunun əhəmiyyətli yürüşlərini  qeyd edib.

Sonda Ə.Əliyev Azərbaycanda minilliklərlə ölçülən Azərbaycan tarixinin  ənənələrini və onların simvollarını əbədiləşdirən “Dövlətçilik Tarixi” muzeyinin yaradılmasını məqsədəuyğun hesab edib.

Millət vəkili Tahir Kərimli çıxış edərək, AXC-nin yubileyinin qeyd edilməsi haqqındakı Sərəncama görə ölkə prezidenti İlham Əliyevə minnətdar olduğunu bildirib. Diqqətə çatdırıb ki, Azərbaycan Xalq Cümhuriyyətinin, eləcə də soyqırım qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə böyük abidə komplekslərinin yaradılması məqsədəuyğun olar. Millət vəkili müstəqil cümhuriyyətə Azərbaycan adının verilməsinə nail olunmasında onun  banisi Məmmədəmin Rəsulzadənin böyük rolunu xüsusi qeyd edib.

İnstitut Həmkarlar Təşkilatının sədri, c.ü.f.d. Habil Haqverdiyev və aparıcı elmi işçi, c.ü.f.d. Etibar Bədəlov çıxış edərək, xatirə kompleksinin yaradılması fikrini dəstəkləyərək bunun tariximizə ehtiram olduğunu və gənclərdə vətənpərvərlik hissinin güclənməsində böyük  rol  oynayacağını diqqətə çatdırıblar.

İnstitut  vikipediya qrupunun rəhbəri Aida Aslanova Vikipediya İctimai Birliyinin may ayını “Azərbaycan Xalq Cümhuriyyəti ayı” elan etdiyini və həmin müddət ərzində vikipediyada bu mövzuda 1500 məqalə yerləşdiriləcəyinin nəzərdə tutulduğunu bildirib.

Sonda Ramiz Məmmədov millət vəkili T.Kərimliyə tədbirdə iştirakına görə təşəkkürünü bildirib və bütün iştirakçılara uğurlar arzulayıb.