AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu Xəzərin hidrometeorologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərovun qlobal istiləşmə, onun yarada biləcəyi fəsadlar, qarşısının alınması, bu fonda meydana çıxan digər problemlər haqqındakı fikirləri “Publika” saytında dərc edilib.
Alim “Dünyani gözləyən böyük təhlükə: yaxin 5 ildə... - mütəxəssislərdən xəbərdarliq” başlığı altında dərc olunan məqalədə yaxın illərdə xüsusilə böyük dövlətlər tərəfindən sənayenin inkişafı nəticəsində atmosferə atılan karbon qazının artmaması üçün qabaqlayıcı tədbirlərin görülməyəcəyi təqdirdə Yer kürəsini böyük təhlükə gözlədiyini dilə gətirib. Atmosferə atılan karbon istixana qazının miqdarının durmadan artması Yerin istilik balansının pozulmasına və temperaturun artmasına səbəb olur. S.Səfərov çıxış yolunu günəş və külək alternativ enerji mənbələrindən istifadə etməkdə görür.
Mütəxəssisin sözlərinə görə, qütblərdə temperaturun artması bu gün daha çox müşahidə olunur. Ona görə də Arktika və Antarktidada buzlaqlar əriyir və bu da son dərəcədə təhlükəlidir. Nəticədə okeanın səviyyəsi artır və Yer kürəsində içməli su ehtiyatının balansını azalır. Bu, həmçinin okean suyunu şirinləşdirdiyi üçün oradakı canlıların həyat şəraitinə də mənfi təsir edir. Kəskin iqlim dəyişmələri insanların da həyat tərzinə, orqanizmlərinə mənfi təsir edir.