AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun “Landşaftşünaslıq və landşaft planlaşdırılması” şöbənin aparıcı elmi işçisi, c.ü.f.d., dosent Səidə Zeynalovanın rəhbərliyi, İnstitutun doktorantı Lətafət Məhərrəmli və c.ü.f.d., dosent Mirnuh İsmayılovun iştirakı ilə 2021 ilin may-iyun aylarında Muğan düzünün aqroekosistemlərinin tədqiqi məqsədi ilə əraziyə elmi ekspedisiya təşkil edilib.
Ekspedisiya zamanı Muğan düzündə geniş yayılmış müxtəlif tipli aqroekosistemlərin formalaşma xüsusiyyətləri, dinamikası, onların idarə olunması öyrənilib. Bu əsasda kartoqrafik modelləşdirmə və iri miqyaslı (1:25 000, 1:100 000) tematik xəritələr tərtib olunub.
Tərtib olunmuş xəritələrin və çöl tədqiqat materiallarının kameral təhlilindən məlum olub ki, son 50-70 il ərzində tədqiq olunan ərazidə yeraltı suların səviyyəsi əsas fon landşaftlarında 2-3 dəfə qalxmış və aqroekosistemlərin inkişafı üçün risk yaradan səviyyəyə çatmışdır. Problemlərin yaranmasında əsas səbəb bu dövrdə suvarma sularının düzgün idarə edilməməsi, müasir suvarma sistemlərinin tətbiq olunmamasıdır. Çöl materialları əsasında aqroekosistemlərin kartoqrafik modellərinin yaradılması gələcəkdə əsas ekoloji problemlərin həllinə kömək edəcəkdir.