Görkəmli geomorfoloq alim, AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Geomorfologiya və təbii risklər şöbəsinin müdiri, coğrafiya elmləri doktoru, professor Hüseyn Ağamalı oğlu Xəlilov ömrünün 79-cü ilində vəfat edib.
H.A.Xəlilov 1942-ci il oktyabrın 27-də Fizuli rayonunun Hünküklü kəndində anadan olub. 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) geoloji coğrafiya fakültəsini mühəndis-geoloq ixtisası üzrə bitirib, təyinatla Qazaxıstana göndərilib. Şimali-Qazaxıstan geofiziki ekspedisiyasında baş texnik-geoloq vəzifəsində işləyib və oradan da hərbi xidmətə çağırılıb.
1968-1969-cu illərdə Azərbaycanda Kiçik Qafqaz geoloji-kəşfiyyat ekspedisiyasında geoloq vəzifəsində çalışıb. 1969-cu ildən başlayaraq Azərbaycan EA Coğrafiya İnstitutunun geomorfologiya şöbəsində kiçik elmi işçi, elmi işçi vəzifələrində, 1991-1994-cü illərdə Xəzər dənizi sahillərinin və dibinin geomorfologiyası bölməsində işləyıb, 1994-ildən geomorfologiya şöbəsində tətbiqi geomorfologiya qrupuna rəhbərlik edib. 1997–2004-cü illərdə «Azərbaycan Ensiklopediyası» NPB-də əvəzçiliklə «Coğrafiya qrupunun» rəhbəri, 2004–2009-cu illərdə isə AMEA «Azərbaycan Milli Ensiklopediyası» Elmi Mərkəzində «Coğrafiya, geologiya, geofizika, ətraf mühit və ekologiya» redaksiyasının müdiri vəzifəsində çalışıb. 2015-ci ildən ömrünün sonunadək “Geomorfologiya və təbii risklər” şöbəsinin müdiri olub.
Xəlilov 1980-ci ildə «Kiçik Qafqazın şimal-qərb hissəsinin morfostruktur təhlili» mövzusunda namizədlik, 2004-cü ildə isə «Kiçik Qafqazın şərq hissəsi timsalında morfostruktur və paleogeomorfoloji təhlil və relyefin öyrənilməsinin axtarış əhəmiyyəti» mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Onun əsas elmi tədqiqat istiqaməti Azərbaycanda geomorfologiya elminin nəzəri və tətbiqi məsələlərinin həlli ilə yanaşı, litosferin quruluşu və inkişafı qanunauyğunluqlarının, plitələrin Qlobal tektonikasına aid problemlərin öyrənilməsinə də yönəldilib. O bu elmi istiqamətin metodoloji əsaslarını işləyib, morfostruktur və paleogeomorfoloji şəraitin elmi təhlilini verib. Azərbaycanda ilk dəfə olaraq hidroqrafik şəbəkənin qırılma tektonikası ilə əlaqəsini və onun faydalı qazıntı yataqlarının axtarışındakı rolu məsələsini tədqiq edib. Bu tədqiqatın bəzi nəticələri onun həmmüəllif olduğu Azərbaycanın neotektonik və geomorfoloji xəritələrində, Azərbaycan Respublikasının Milli Atlasında və çapa hazırlanmış «Azərbaycanın təbii ehtiyatları» kitabında əksini tapıb.
O, «Qafqazın regional geomorfologiyası», «Azərbaycanın relyefi», «Azərbaycan Respublikasının konstruktiv coğrafiyası» üçcildliyi, «Azərbaycanın paleogeomorfologiyası» monoqrafiyalarının, «İzahlı geomorfoloji lüğət» və «Azərbaycanın təbii ehtiyatları» atlasının, Dövlət mükafatına layiq görülmüş «Azərbaycan Respublikasının Coğrafiyası» monoqrafiyasının 1-ci və 3-cü cildlərinin, «Naxçıvan Muxtar Respublikasının Coğrafiyası» monoqrafiyalarının icraçı müəlliflərindən biri, «Kiçik Qafqazın morfostrukturları» monoqrafiyasının və 200-ədək elmi məqalə və tezislərin müəllifidir.
H.Xəlilov çoxsaylı elmi və müxtəlif kütləvi informasiya vasitələrində təbiətlə bağlı silsilə elmi-kütləvi məqalələrin müəllifi olaraq, “Azərbaycan Sovet Ensiklopediyası”nda silsilə məqalələr yazıb. «Ensiklopedik coğrafiya lüğəti» onun bilavasitə rəhbərliyi və iştirakı ilə nəşrə hazırlanıb. H.Xəlilov AMEA-nın «Azərbaycan Milli Ensiklopediyası» Elmi Mərkəzində «Coğrafiya, geologiya, geofizika və ətraf mühit» redaksiyasının müdiri işlədiyi müddətdə (2004–2009) «Azərbaycan Milli Ensiklopediya»sının I, II ümumi cildləri və «Azərbaycan» xüsusi cildini nəşr etdirib. «Uşaqlar üçün Ensiklopediya. Geologiya» kitabındakı təbiət abidələri haqqında məqalələri Azərbaycan dilinə tərcümə edib və bir sıra məqalələrə müəlliflik edib. O həmçinin «Naxçıvan Muxtar Respublikasının geoloji ensiklopediyası» və «Qarabağ» kitablarının icraçılarından biri olub, üç cilddən ibarət fundamental “Türk dünyasının coğrafiyası və etnosu” kitablarının ərsəyə gəlməsində əvəzsiz xidmətlər göstərib, onların hazırlanmasında əsas icraçılarından biri olub.
H.Xəlilov müxtəlif illərdə Azərbaycan Dövlət Pedaqoji Universiteti və Lənkəran Dövlət Universitetində və 1981-ci ildən BDU-nun Coğrafiya fakültəsinin “Fiziki coğrafiya” kafedrasında xüsusi fənlər üzrə magistraturada dərs aparıb. Coğrafiya İnstitutunun Elmi Şurası və Dissertasiya Şurasının üzvü və həmin Şuranın ixtisaslaşdırılmış Elmi Seminarının rəhbəri, son illərdə həm də Ali Attestasiya Komissiyasının “Yer elmləri” bölməsinin eksperti idi. O, respublikada yüksək ixtisaslı kadr hazırlığına da töhfə verib. Onun rəhbərliyi altında 2 nəfər namizədlik dissertasiyası müdafiə etmiş, 6 nəfər doktorant dissertasiya işini başa çatdırmış, 8 nəfər isə dissertasiya üzrə işini davam etdirir. Qonşu İran İslam Respublikasının coğrafiya üzrə gənc kadrların yetişməsində də Hüseyn müəllimin xeyli xidmətləri olub.
"Kemerovo Dövlət Universitetinin Xəbərləri" və Azərbaycan Coğrafiya Cəmiyyətinin "Coğrafiya və təbii resurslar" jurnalının redaksiya heyətinin üzvü idi.
Hüseyn müəllimin əziz xatirəsi İnstitut əməkdaşlarının və bütün onu sevənlərin xatirəsində daima yaşayacaq.
Allah rəhmət eləsin!