İşğaldan azad edilmiş Qarabağ bölgəsinin dirçəlişi, iqtisadiyyatımızın möhkəmləndirilməsi ölkəmizin qarşısında duran I dərəcəli prioritet məsələlərdən biridir.
Ərazi potensialının dürüst qiymətləndirilməsi buraya qoyulan investisiya xərclərinin düzgün paylanmasının qarantı olmalıdır. Səhv qərarlar qəbul edilməsi qoyulan vəsaitin heçə çıxmasına gətirib çıxara bilər. Ona görə də ərazinin dəqiqliklə öyrənilməsi, “min ölç, bir biç” prinsipi ilə hərəkət edərək araşdırmalardan düzgün nəticə çıxarılması alim və mütəxəssislərin qarşısında duran ümdə vəzifədir. AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun alim və mütəxəssisləri də bu prinsipi əsas tutaraq öz elmi axtarışları ilə Qarabağın dirçəlişinə layiqli töhfələrini verməyə çalışırlar.
Azərbaycanda külək elektrik stansiyalarının yer seçimində coğrafi informasiya sistemlərinin tətbiqini öyrənən, İnstitutun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin elmi işçisi Nicat İmamverdiyev Qarabağ bölgəsinin külək enerjisindən istifadə imkanlarını araşdırmış, əhəmiyyətli elmi nəticələr əldə etmişdir.
Tədqiqatçının gəldiyi nəticələri qısaca olaraq diqqətinizə çatdırırıq:
İşğaldan azad edilmiş Qarabağ regionunda külək enerji potensialının və elektrik stansiyalarının quraşdırılması üçün uyğun ərazilərin müəyyən edilməsi üçün uzunmüddətli külək sürəti, gücü və illik küləkli günlərin sayı haqqında müvafiq ölçü məlumatları toplanılmışdır. Bu məqsədlə, regionunda külək enerji potensialından elektrik enerji mənbəyi kimi istifadə imkanları və onların iqtisadi əhəmiyyətinin müəyyən edilməsi üçün “Global Wind Atlas” (2020), Azərbaycan Respublikası Aqroiqlim Atlası (1993), Azərbaycan Respublikası Coğrafi Atlası (2018) və NASA əsaslı (MERRA 2, GEOS 5.12.4) peyklər vasitəsilə ölçülən 1981-2019-ci illəri əhatə edən külək sürət məlumatlarından istifadə edilmişdir.
Qarabağ regionu Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi rayonu olmaqla, müvafiq olaraq, 7,33 min km2 və 6,4 min km² ərazini əhatə edir. Yuxarı Qarabağ ərazisində külək ehtiyatları aşağı potensialda olmaqla, orta illik sürəti 1-2,5 m/s arasındadır. Bu bölgədə küləyin sürəti il ərzində 1.5 m/s-dən çox olan günlərin sayı müxtəlif rayonlar üzrə 5-25 gün arasında dəyişir. Nümunə olaraq qeyd edək ki, bu göstərici Xankəndi şəhərində illik orta hesabla 8 gün təşkil edir (Coğrafi Atlası, 2018). Regionun külək gücünə nəzər yetirdikdə, əsas etibarilə şimal, şimal-şərq və yüksək dağlıqda dağ-dərə küləkləri üstünlük təşkil edir.
Külək elektrik turbinlərinin quraşdırılması üçün seçilən sahə stansiyanın faydalı iş əmsalının yüksək və iqtisadi cəhətdən səmərəli olması üçün küləyin minimum sürəti 3,5 m/s və üzərində olan ərazilər əsas götürülür. Buna əsaslanaraq demək olar ki, Yuxarı Qarabağ iqtisadi rayonu külək elektrik stansiyalarının qurulması üçün zəif tutum əmsallıdır və yatırılan investisiyanın uzun müddətli geri ödənilməsi baxımından qənaətbəxş hesab edilmir.
Regionda külək potensialı Kəlbəcər-Laçın iqtisadi rayonunda məhdud ölçüdə olmaqla, yararlılıq imkanlarına görə Respublika üzrə Abşeron və Naxçıvan regionundan sonra 3-cü kateqoriyalı zonaya aid edilir (Aqroiqlim Atlası, 1993). Qarabağda külək sürəti hündürlük qurşaqları üzrə alçaq dağlıqdan yüksək dağlığa doğru orta illik sürəti 1,5-3,6 m/s arasında dəyişir (Şəkil 1). Küləyin orta illik sürətinin 1,0-2,5 m/s arasında olan zəif külək sürətinə malik ərazilərinin ümumi sahəsi 4,1 min km2 olmaqla, iqtisadi rayonun 64%-ni əhatə edir (Global Wind Atlas, 2020). Bu isə ortalama sürət ölçüsündən aşağı dərəcədə tutum əmsalına malik məhdud-əlverişli əraziləri ehtiva edir.
Şəkil 1. Kəlbəcər-Laçın iqtisadi rayonunda orta illik külək sürəti göstəriciləri (50 metr nisbi yüksəklik)
İkinci dərəcəli orta illik külək sürətinin 2,5-3,5 m/s arasında dəyişən orta dərəcəli külək sürətinə malik ərazilərinin ümumi sahəsi 1,3 min km2 və ya regionun 20,3%-ni əhatə edir. Bu ərazilər külək sürətinin və illik küləkli günlərin sayının az olmasına görə külək turbinlərinin zəif dövrlərdə işləyərək məhdud gücdə elektrik enerjisi istehsalı səbəbindən iqtisadi cəhətdən səmərəli deyildir. Bu orta dərəcəli sahələr 10-60 kilovat qoyuluş gücü daxilində, kiçik ölçülü külək turbinlərinin qurulması üçün yararlıdır.
Üçüncü tədqiqat zonası isə 50 metr nisbi yüksəklikdə illik külək sürətinin 3,5 m/s-dən yüksək olan ərazilərini əhatə edir. Bu yüksək istifadə uyğunluğuna malik zonaların ümumi sahəsi 250 km2 və ya 4%-dir. Bu ərazilər əsasən Kəlbəcər rayonun qərb hissəsində yerləşən Qarabağ yaylası, Mıxtökən silsiləsi olmaqla 3000 metr yüksəklikdə olan Dəlidağ və Sərçəli dağlarının ətraf zonalarıdır. Digər potensial ərazilər isə Zəngilan rayonun cənub-qərb hissəsi və Murovdağ silsiləsində yüksək dağlıq zonanı əhatə edir. Belə ki, bu ərazilər enerji stansiyalarının qurulması üçün mürəkkəb relyef formalarına malik olduğundan külək turbinlərinin daşınması, quraşdırılması və istifadəsi üçün yol, elektrik xətləri, transformator mərkəzi və s. kimi infrastruktur obyektləri ilə təchizatı yüksək investisiya tələb edir.
Ümumilikdə, Qarabağ regionu külək elektrik stansiyalarının yerləşdirilməsi üçün Azərbaycanda daha optimal ərazilər olan Abşeron iqtisadi rayonu ilə müqayisədə ümidverici üstünlüyə malik deyildir. Qarabağ regionunda 23 məntəqədə 1981-2019-cu illər üzrə külək sürəti və illik küləkli günlərin təkrarlanması üzrə məlumatların təhlili aparılmışdır. Şəkil 2-dən də göründüyü kimi, Qarabağ regionunda küləyin 10 metr nisbi hündürlükdə orta sürəti 2,47 m/s və 50 metrdə isə 3,28-dir. Orta illik külək sürətinin 3,5 m/s yüksək olduğu müddət yalnız 1987-ci ildə qeydə alınmışdır. Digər dövrlərdə sürət 3 m/s ətrafında olmuş və 2006-cı ildən isə (2016-cı il xaric) azalan tendensiya ilə davam etmişdir.
Şəkil 2. Qarabağda 10 və 50 metr nisbi yüksəklikdə küləyin orta illik sürəti
Külək elektrik stansiyalarının tikintisi üçün əlavə maliyyə xərcləri yer seçimindən asılı olaraq turbin qiymətinin 40%-dən çox olmamalıdır. Əks təqdirdə, stansiya tikintisinə yatırılan investisiyaların uzun geri qaytarılma müddəti onu iqtisadi cəhətdən səmərəsiz edəcəkdir.
Turbinlərin enerji istehsalında tutum amili səmərəlilik nisbətdə olması üçün müxtəlif hündürlüklər üzrə küləyin sürəti, gücü və küləkli günlərin davametmə müddətinin müəyyən edilməsi üzrə minimum birillik müəyyən edilən məntəqədə ölçmələr aparılmalıdır. İqtisadi qiymətləndirmə üzrə enerji layihəsinə qoyulan investisiyanın geri ödəmə dərəcəsi, qazanc dəyəri və müddəti əsaslı hesablanmalıdır. Çünki bu tip layihələr daim küləkli olan, əsasən də dəniz sahili ərazilər üçün əlverişlidir. Elektrik stansiyalarının quraşdırıldığı bölgələrdə illik küləkli günlərin müddəti ilin yarısından az olduqda stansiyanın səmərəliliyi aşağı olur. Bu isə külək turbinləri vasitəsilə istehsal olunan hər kilovat*saat elektrik enerjisinin qiymətinin qaz yanacağına nisbətən yüksək olmasına gətirib çıxarır.