AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin monitorinqi şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Rauf Qardaşovun həmmüəllif olduğu elmi məqalə impakt faktoru 1.78 olan “Journal of Modern Optics” jurnalında dərc edilib.
Müəlliflər sualtı obyektin səth dalğaları ilə təhrif olunmuş ani görüntülərini bərpa etmək metodunu işləyib hazırlamışlar. Bu metod iki müstəqil hissədən - Günəş (və ya lazer) pariltılarının koordinatları və ölçülərindən istifadə edərək dalğalı dəniz səthinin ani relyefini təyin edən alqoritmdən və səth dalğaları ilə təhrif olunmuş sualtı obyektin ani görüntüsünü bərpa edən alqoritmdən ibarətdir. Metodun effektivliyi riyazi modelləşdirmə və hovuzda aparılan təcrübələrlə öz təsdiqini tapıb. Bu metodun köməyi ilə naməlum obyektin formasını və obyektin yerləşdiyi dərinliyi təyin etmək mümkündür.