AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu “İnsan coğrafiyası” istiqamətinin rəhbəri, coğrafiya üzrə elmlər doktoru Zakir Eminov işğal olunmuş ərazilərdə iqtisadi coğrafiyaçıların qarşısında duran əsas vəzifələr haqqında fikirlərini bölüşüb.
Z.Eminov bildirib ki, ölkəmizin mühüm iqtisadi və ərazi potensialını təşkil edən Qarabağ bölgəsi dövlətimizin uzun illər boyu apardığı məqsədyönlü siyasəti və görülən tədbirlər nəticəsində 27 ilin işğalından azad edilib. Həmin ərazilərin bərpası, tikinti və quruculuq işlərinin aparılması qarşıda duran ən vacib məsələlərdən biridir. Bu vəzifələrin həyata keçirilməsi üçün isə ilk növbədə dövlət proqramlarının qəbul edilməsi vacibdir.
İndiyədək Azərbaycanın ayrı-ayrı regionlarının inkişafı üçün qəbul edilən 4 dövlət proqramı uğurla həyata keçirilib. Həyata keçirilməsi davan edən sonuncu, 2019-2023-cü illər üçün dövlət proqramında işğal altında olan torpaqların azad edilməsindən sonra yeni dövlət proqramının qəbul edilməsi nəzərdə tutulmuşdur. Bu məqsədlə Yuxarı Qarabağ iqtisadi rayonu (Ağdam, Tərtər, Xocavənd, Xocalı, Şuşa, Cəbrayıl, Füzuli rayonları və Xankəndi şəhəri), eləcə də Kəlbəcər-Laçın iqtisadi rayonunun (Kəlbəcər, Laçın, Zəngilan və Qubadlı) sosial-iqtisadi inkişafı ilə bağlı xüsusi yeni dövlət proqramı hazırlanaraq həyata keçirilməsi istiqamətində işlər aparılacaqdır.
Bununla yanaşı, dövlət proqramlarının həyata keçirilməsinə kömək və dəstək məqsədilə elmi müəssisələrin qarşısında duran vəzifələr müəyyənləşdirilməlidir. Coğrafiya İnstitunda yerinə yetiriləcək ən birinci məsələ ərazilərin fiziki və iqtisadi cəhətdən öyrənilməsidir. Belə ki, ərazilərin fiziki coğrafiyasında ciddi dəyişikliklər baş verib: meşələr qırılıb və ya yandırılıb, çaylar yararsız hala düşüb, kənd təsərrüfatı sistemi tamamilə məhv edilib, torpaqlar deqredasiyaya uğradılıb, yaşayış məntəqələrində təbii şərait acınacaqlı vəziyyətə düşüb. Ona görə ilk növbədə ərazinin mövcud təbii şəraiti və təbii ehtiyatları qiymətləndirilməlidir.
Hər bir ərazinin ən azı 5 illik inkişaf planı olmalıdır. Nəzərə almaq lazımdır ki, Qarabağ uzun illər Azərbaycanın əsasən kənd təsərrüfatının inkişaf etdiyi bölgəsi olmuşdur və bu funksiyanın bərpa olunması vacibdir. Torpaqların qiymətləndirilməsi, onlardan hansı məqsədlər üçün istifadə edilməsi - hansı torpaqlarda hansı kənd təsərrüfatı bitkilərinin əkilməsi, həmin ərazilərdən həyətyanı, yoxsa əkin sahələri, fermer təsərrüfatları kimi, yaxud yerli kooperativ təsərrüfatların yaradılması üçün istifadə ediləcəyi əvvəlcədən müəyyənləşməlidir.
Üzümçülük, tütünçülük və taxılıçılığın inkişaf etdiyi Qubadlı, Zəngilan rayonlarında həmin sahələrin, eləcə də heyvandarlıq sahəsinin bərpa olunması olduqca vacibdir. Heyvandarlıq sahəsində dövlətin həyata keçirdiyi tədbirlər planına uyğun olaraq, həmin ərazilərdə cins heyvanların alınaraq maldarlığın inkişafı üçün xüsusi fermaların tikilməsi və ilkin yerləşdirilməsi mühümdür. Üzümçülük və tütünçülük sahələrinin emalı üçün müəssislər yaradılmalıdır, çünki bunlar material tutumlu sahələrdir. Belə ki, xammalın ilkin emalı yerində yerinə yetirilə bildiyindən uzaq məsafəyə daşınmasına ehtiyac qalmır.
Kəlbəcər tamamilə dağlıq ərazidə yerləşdiyindən burada əsasən qoyunçuluğun inkişafı mümkündür. Çayların vadilərində, dağətayi ərazilərdə əkinçilik aparılsa da, bunlar məhdud saydadır.
İlk növbədə kəndlərin bərpası, həmin ərazilərdə insanların məskunlaşması həyata keçirilməli, sonradan isə onların sayı müəyyənləşdirilməlidir. Dövlətin planlaşdırdığı kimi, məskunlaşma aparılması üçün həmin ərazilərdə yenidən infrastruktur yaradılmalı, sosial sahələr inkişaf etdirilməlidir. Kəndlərin bərpa olunmasında yerli əhalinin, həmçinin maddi imkanı olan şəxslərin vəsaitlərindən istifadə edilə bilər. Digər yerlərdə məskunlaşan əhalinin bir qisminə dövlət tərəfindən güzəştli kreditlərin verilməsi, əgər bu işi tezləşdirmək lazımdırsa, müəyyən məntəqələrdə dövlətin özü tərəfindən evlərin tikilməsi mümkündür.
Demoqrafik potensialın olması, hər bir məntəqənin və ya arealın nə qədər əhalini qəbul etmək imkanı qabaqcadan öyrənilməlidir. İlk növbədə infrastuktur, sosial xidmət sahələri yaradılmalıdır. Əhali köçürülərsə yaşaması, işləməsi, onlara xidmət üçün obyektlərin olması vacibdir.
Ərazinin iqtisadi inkişafını təmin etmək üçün urbanizasiya başlıca rol oynayır. Ona görə də Qarabağın tezliklə bərpa olunmasında, sosial iqtisadi durumunun dirçəlməsində xüsusən əlverişli imkanları olan iri şəhərlərin salınması vacibdir. Burada, məsələn, əhalisi bir neçə yüz min nəfər olan şəhər yaradılması regionun inkişafı üçün mühüm addım olar. Mineral xammal ehtiyatları ilə zəngin Kəlbəcər rayon ərazisində 8 filiz mədəni, 19 tikinti materialları yatağı, 7 mineral termal su yatağı, eləcə də Söyüdlü (Zod), Ağduzdağ, Qızılbulaq qızıl yataqları movcuddur. Ərazinin təbii şəraiti burada inkişaf etmiş iri sənaye şəhərlərinin salınması üçün geniş imkanlar açır.
Xocalı və Ağdam şəhərlərinin inkişaf etdirilərək birləşdirilməsi, vahid bir məntəqə kimi yaradılması qarşıda duran ən vacib vəzifələrdən biri kimi müəyyən edilməlidir. Yaxın 10 il ərzində əhalisinin sayını 500.000-ə çatdırmaqla, Bakı ilə rəqabət apara biləcək ikinci bir iri sənaye şəhəri əldə etmək mümkündür. Əhalisinin sayına görə Bakıdan sonrakı yerdə duran Gəncə və Sumqayıt şəhərlərində cəmi 300 min nəfərdən yuxarı əhali vardır. Gəncənin əhalisi uzun müddətdir ki, zəif templə artır və yuxarı qalxmır. Bu, təsərrüfatın inkişafı üçün də, demoqrafik inkişaf üçün də böyük problemlər yaradır, əhali Abşeronda cəmlənməkdə davam edir.
Uzun müddət paytaxt olmuş Xankəndi vaxtılə respublikanın inkişaf etmiş sənaye mərkəzi olduğundan əhalisi 65 minədək artmışdı. Halbuki 20 000 əhalisi olan Şuşa rayonunda heç bir sənaye strukturu yox idi ki, bu da onun geri qalmasının əsas səbəblərindən biri idi.
Qarabağ bölgəsi toponimlərinin bərpası məsələsi də coğrafiyaçıların görəcəyi vacib işlərdən biridir. Toponimlər ərazinin hansı millətə, xalqa mənsub olduğunu təyin edən əsas amillərdən biridir. Tarixi adları yeni adlarla əvəz etmək onun tarixi kökünü kəsib atmaq deməkdir. Ona görə də ermənilər həmişə torpaqlarımızda sakinləşdikləri yaşayış məntəqələrinin adlarını dəyişdirməklə özünküləşdirməyə çalışıblar. Onlar bunu təkcə işğal olunmuş Qarabağ ərazisində deyil, həm də Qərbi Azərbaycan ərazisində daima həyata keçiriblər. Ermənilər Sovet dönəmində adların çox hissəsini dəyişsələr də, 90-cı illərdə hökümətin qərarı ilə onların hamısına Azərbaycan adları qaytarılmışdır. Ermənilər işğal altında olan ərazilərimizə yeni qondarma adlar versələr də, həmin yaşayış məntəqə adlarının toponimikası izahı verilməklə müəyyənləşdirilib. Ona görə Qarabağ toponimikası elə bir böyük tədqiqat tələb etmir.
Alim qeyd edib ki, toponimika ilə bağlı İnstitutun tədqiqat işləri, hesabatları arxivdə saxlanılır, lakin əfsuslar olsun ki, maliyyə çatışmazlığı üzündən kitabların çapı öz həllini tapa bilmir. O bildirib ki, müəllif olaraq öz vəsaitləri hesabına Şəki-Zaqatala, Lənkəran-Astara və Naxçıvan ərazilərinin əhalisinə dair hesabatları ayrı-ayrı kitablar halında nəşr etdiriblər. Eyni zamanda, alimlər işğaldan azad olunan ərazilərin iqtisadi coğrafiyasının, demoqrafik potensialının və siyasi coğrafiyasının öyrənilməsini AMEA rəhbərliyinə təklif ediblər. Lakin bu kitabların çapı üçün dövlət dəstəyi olmalı, müəyyən vəsait ayrılmalıdır. Alimlərin illərlə apardıqları tədqiqatların nəticələri arxiv rəflərində tozlanıb qalmamalıdır.
Z.Eminov onu da xüsusən vurğulayıb ki, icra başçıları rəhbərlik etdikləri rayonun effektiv idarəsinin təmin edilməsi, potensialından daha düzgün və səmərəli istifadəsi üçün ərazinin iqtisadi, siyasi coğrafiyasını bilməlidirlər, bunun üçün icra hakimiyyətləri belə kitabların çapına maliyyə ayırmalıdırlar. Lakin bu məsələ onları narahat etmədiyindən, ölkəmizin inkişafı naminə bu işlə yuxarı təşkilatlar maraqlanmalı, bu barədə müəyyən tədbirlər görməlidirlər. Maliyyə işi həll olunarsa, daha yüksək tələblər qoymaq, daha böyük nəticələr əldə etmək olar. Coğrafiyaçı mütəxəssis əmin olduğunu bildirib ki, alimlər məişət problemlərinin həllinə sərf etdikləri vaxtı daha çox elmin inkişafına sərf etsələr dövlət də, xalq da bundan daha artıq mənfəət götürər. Əks təqdirdə elmə gəlmək istəyənlərin sayı azala, kadr çatışmazlığı yarana bilər, necə ki, Coğrafiya İnstitutunda bu artıq hiss olunmaqdadır.