Allah Nizami müəllimə rəhmət eləsin! 2020-11-09 15:22:00 / MÜHÜM HADİSƏLƏR

 

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu Demoqrafiya və əhali şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Nizami Əyyubov 70  yaşında vəfat edib.

Nizami Hacı oğlu Əyyubov 1950-ci ildə Qazax rayonunun II Şıxlı kəndində anadan olmuşdur. 1974-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnistutunun Coğrafiya fakültəsini fərqlənmə diiplomu ilə bitirərək coğrafiyaçı ixtisası almışdır. 1975-ci ildən Azərbaycan EA Coğrafiya institutunda kiçik elmi işçi kimi fəaliyyətə başlamışdır. 1977-1981-ci illərdə həmin institutunun qiyabi aspiranturasında oxumuş və 1983-cü ildə Tiflis Dövlət Universitetində «Azərbaycan SSR-ın Kiçik Qafqaz hissəsində əhalinin məskunlaşmasının təkmilləşdirilməsinin sosial-coğrafi problemləri» mövzusunda namizədlik dissertasiyası müdafiə edərək coğrafiya elmləri namizədi  alimlik dərəcəsi almışdır. 1986-cı ildən Azərbaycan EA Coğrafiya institutunda «Demoqrafiya və əhali coğrafiyası» şöbəsinə rəhbərlik etmişdir.

Alimin ən əhəmiyyətli elmi nailiyyəti Azərbaycanda əhalinin demoqrafik inkişafı    və    məskunlaşmasının regional optimal ərazi təşkili istiqamətlərinin müəyyənləşdirilməsi sahəsində apardığı tədqiqtlardır. «Azərbaycanda əhalinin məskunlaşması məsələləri» (müştərək, 1988) monoqrafiyasının, orta məktəbin 8-ci sinfi üçün «Azərbaycan Respublikasının iqtisadi və sosial coğrafiyası» dərsliyinin və təkrar təkmilləşmiş nəşrlərin, «Azərbaycanın konstruktiv  coğrafiyası» (III cildlik), “Azərbaycan Respublikasının  Coğrafiyası” (II,III cildlər)  monoqrafiyalarının müəlliflərindən  və redaktorlarından  biridir. Bir coğrafi kitabçanın, 180-dən çox elmi və elmi-kütləvi məqalənin, orta ümumtəhsil və ali məktəbləri üçün coğrafiya proqramlarının və çoxsaylı tədris vəsaitlərinin  müəllifidir. Onun rəhbərliyi ilə demoqrafiya və əhali coğrafiyasının problemlərinə həsr olunmuş 10-dan çox elmi hesabat işi yerinə yetirilmişdir.

N.H.Əyyubovun rəhbərliyi ilə 4 namizədlik dissertasiyası müdafiə olunmuşdur. Elmi fəaliyyətlə yanaşı tədris işi ilə də məşğul olmuşdur. Müxtəlif  ali məktəblərdə iqtisadi və sosial coğrafiyanın problemləri üzrə bakalavr və magistr pillələrində  mühazirələr oxumuşdur. Coğrafiya üzrə Respublika metodiki şurasının və Tələbə Qəbulu üzrə Dövlət  Komissiyası (hazırkı DİM) ekspert şurasının üzvü olmuş, Tələbə Qəbulu üzrə Dövlət  Komissiyasının və AMEA Yer elmləri bölməsinin fəxri fərmanları ilə təltif olunmuşdur.

Nizami müəllim müsbət insani keyfiyyətləri ilə işlədiyi kollektivin, bütün İnstitut əməkdaşlarının hörmət və rəğbətini qazanmışdı. Ciddi görkəmi, amma həlim xasiyyəti ilə rəhbərlik etdiyi elmi işçilərin qəlbinə yol tapmışdı.

Nizami Əyyubova Allahdan rəhmət, ailəsinə və əzizlərinə səbr diləyirik.

Qəbri nurla dolsun!