Coğrafiyaşünas-tədqiqatçı alim, Dövlət Mükafatı Laureatı, AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Məhərrəm Həsənov noyabrın 8-də ömrünün 66-cı ilində vəfat edib.
Məhərrəm Səməd oğlu Həsənov 1954-cü ildə Zəngilan rayonunun Mincivan qəsəbəsində anadan olmuşdur. 1975-ci ildə o zamankı V.İ.Lenin adına APİ-nin coğrafiya fakültəsini bitiribmişdir. Əmək fəaliyyətinə 1975-ci ildə Zəngilan rayonunun orta məktəbində coğrafiya müəllimi kimi başlamışdır. 1978-ci ildə Bakıya gəlmiş və AMEA Coğrafiya İnstitutunun əyani aspiranturasına qəbul olunmuşdur. 1978-ci ilin oktyabr ayında həqiqi hərbi xidmətə çağrılmış və 1980-ci ilin may ayına qədər ordu sıralarında olmuşdur. Sonra Bakıda aspiranturada təhsilini davam etdirmişdir. 1984-cü ildə akademik B.Ə.Budaqovun elmi rəhbərliyi ilə «Dağlıq şəraitdə payızlıq buğdanın inkişafına, məhsuldarlığına və məhsulun keyfiyyətinə meteoroloji amillərin təsiri» mövzusunda dissertasiya müdafiə edərək coğrafiya elmləri namizədi alimlik dərəcəsi almışdır.
1983-cü ildən kiçik elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi və baş elmi işçi vəzifələrində çalışmışdır. 2002-2003-cü illərdə İnstitutda «Tətbiqi iqlimşünaslıq» bölməsinin müdiri işləmişdir. 2008-ci ildən İnstitutda fəaliyyət göstərən D01.091 Dissertasiya Şurasının elmi katibi vəzifəsində fəaliyyət göstərmişdir.
2017-ci ilin iyun ayından AMEA Rəyasət Heyətinin qərarı ilə AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsini icra etmişdir.
60-a yaxın elmi məqalə və xəritənin, çoxsaylı kompleks elmi tədqiqat işlərinin müəllifidir. Aqroiqlim ehtiyatlarından daha səmərəli istifadə, iqlim ehtiyatlarının yenidən qiymətləndirilməsi, eləcə də gözlənilən iqlim dəyişmələrinin aqroiqlim ehtiyatlarının və təbii zonaların sərhədlərinə təsirinin istiqamətlərində apardığı tədqiqat işlərində əhəmiyyətli elmi nəticələr əldə etmişdir. Bu barədə respublika mətbuatında və xarici jurnallarda məqalələri çap olunmuşdur. Xüsusilə iqlim dəyişmələrinin kənd təsərrüfatı bitkilərinin inkişafına, məhsuldarlığına təsiri, ona qarşı adaptasiya tədbirlərinin müəyyən edilməsi istiqamətində xeyli iş görmüşdür. 1999-cu ildə onun «Kiçik Qafqazda payızlıq buğdanın məhsuldarlığının iqlimlə əlaqəsi» adlı monoqrafiyası çap edilmişdir. Ayrı-ayrı kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının və məhsulun keyfiyyətinin iqlim və mikroiqlim amillərindən asılılığını öyrənmişdir. Bu öz əksini tərtib etdiyi “Azərbaycan Respublikasının aqroiqlim atlası” və “Azərbaycan Respublikasının Milli atlası”nda tapmışdır. M.Həsənov Azərbaycanda (Kiçik Qafqazda) payızlıq buğda yetişdirilməsinin fenoiqlim xüsusiyyətlərinin öyrənilməsinə dair ilk tədqiqatçıdır.
Elmi fəaliyyətlə yanaşı, İnstitutun ictimai-təşkilatı işlərində əvəzolunmaz rol oynamışdır. Bakıda və rayonlarımızda keçirilən elmi konfransların təşkilatçısı olmuş, xarici ölkələrdə keçirilən elmi tədbirlərdə etdiyi məruzələrlə Azərbaycan coğrafiya elminin təbliği işinə xidmət etmişdir. Çin Xalq Respublikasının Coğrafiya Cəmiyyəti, Rusiya Elmlər Akademiyasının A.M.Obuxov adına Atmosfer Fizikası İnstitu ilə beynəlxalq əlaqələrin möhkəmlənməsi işinə töhfələr vermişdir.
Bakı Dövlət Universitetində pedaqoji fəaliyyət göstərmiş, tələbələrinin sevimlisinə çevrilmişdir.
3 dissertanta və 1 doktoranta rəhbərlik etmişdir.
2015-ci ildə AR Prezidentinin sərəncamı ilə coğrafiya elmindəki xidmətlərinə görə «Tərəqqi» medalı ilə təltif edilmişdir.
Alimin nəşr fəaliyyəti genişdir. «Azərbaycan Respublikasının coğrafiyası» üçcildliyinin məsul icraçılarından və həmmüəlliflərindəndir. 2016-cı ildə bu əsərə görə AR Prezidentinin sərəncamı ilə elm sahəsində Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı adına layiq görülmüşdür. Bütün türk dünyası ölkələrində ilk dəfə çap olunan “Türk dünyasının coğrafiyası və etnosu” üçcildliyinin buraxılmasına məsul və müəlliflərindən biri olmuş, “Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyinin yaradılmasında da böyük pol oynamışdır.
Onu həm də jurnalistlərin dostu adlandırmaq olar. Su qıtlığı, sel və daşqın təhlükəsi, səhralaşma problemi və onun Azərbaycanda təzahürü, iqlim dəyişmələri və onun kənd təsərrüfatında təzahürü, yağıntılar, quraqlıq, qlobal iqlim dəyişiklikləri və eləcə də coğrafiyanın digər müxtəlif sahələrini əhatə edən mövzularda kütləvi informasiya vasitələri nümayəndələrinə saysız-hesabsız müsahibələr vermiş, dəvət aldığı bütün televiziya verilişlərində çoxlu sayda çıxışlar etmişdir.
Məhərrəm müəllimin vəfatı Coğrafiya İnstitutu və Azərbaycanın Coğrafiya Cəmiyyəti üçün böyük itkidir. Təəssüf edirik ki, alimimiz doğulub boya-başa çatdığı və arzusunda olduğu doğma Zəngilan rayonuna getmək istəyini reallaşdıra bilmədi. Ancaq inanırıq ki, Zəngilanın düşməndən azad olunmasına görə ruhu şaddır.
Xeyirxah və alicənab insan, istedadlı alim, ləyaqətli şəxsiyyət Məhərrəm Həsənovun işıqlı xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq. Biz onun gülümsər çöhrəsini (şəkildəki kimi) həmişə xatırlayacağıq
Allah rəhmət eləsin!